AKADEMİKLƏR İSA HƏBİBBƏYLİ VƏ MÖHSÜN NAĞISOYLUNU BAĞIŞLAMAQ OLARMI?!




Deyəcəksiniz ki, niyə məhz o ikisi? Qərəzdir. Qınamağa başqa akademik, ya məmur yoxdur?
Hə, dostlar! Nə edim ki, tale məni bu şəxslərlə qarşılaşdırıb. Tutaq ki, başqa akdemik, ya məmurla bağlı yalnız mətbuatın məlumatı əsasında nəsə deyə bilərmsə, bunlar haqqında bilavasitə şahidi olduqlarımı söyləmək iqtidarındayam. Ən effektli yol: hər kəs işlədiyi qurumdakı nöqsanları dilə gətirməli, dəstə, qrup, şəbəkə marağına xidmət etməməlidir! Dövlət əmlakını talayan müəssisə rəhbərliyi ilə əlbir olmaq kiçik cinayət deyildir!
Deməli, M.Nağısoylu işlədiyim müəssisədə direktor, İ.Həbibbəyli isə vitse-prezidentdir. İ.Həbibbəyli ilə bir-iki dəfə, M.Nağısoylu ilə dəfələrlə şəffaf iş mexanizmi barəsində danışmışam. Zərrə qədər əhəmiyyəti və təsiri olmayıb, hətta mənim də sonda onların dedikləri ilə razılaşacağımı bildiriblər, hərçənd ki, bədxah proqnozları düz çıxmayıb: "Aldat, təriflə, sök, talan et!"
Bunların təbirincə, dövlət vəsaiti ayrılıbsa, sui-istifadə etməlisən, səndən əvvəl və sənin vaxtında baş verən cinayətləri gizlətməlisən, bacardıqca dövlətdən çox qoparmalısan, "hamı oğurlayır, sən də oğurla" prinsipi ilə yaşamalısan, doktorant, dissertant əlinə düşdüsə, acımamalısan, ilkin müzakirədən müdafiəyə qədər dolaşdırıb soymalısan, dissertasiya şuralarındakı korrupsiya parniklərində becərilən rüşvətə töhfə verməlisən, seminara düşmək üçün külli miqdarda pul qoparmalısan, rəy, protokol, opponentlik kimi yüzlərlə maxinasiyalar edib rüşvətxor məmura yaxın səviyyədə özünə həyat şəraiti qurmalısan, bir sözlə, dövlət qurumundan sırf şəxsi marağın üçün istifadə etməlisən.
İsa Həbibbəyli! Bir deputat, MM-də Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru olub vəzifə səlahiyyətlərindən tərsinə istifadə etdiyinizə görə sizi bağışlamaq olarmı? Niyə səsimə səs vermədiniz? Niyə Vətən elmini bu günə saldınız? Niyə dövlətin göyə sovrulan milyonlarına, elmin can verməsinə göz yumdunuz, plagiarizmə abidə qoydunuz, hətta prosesin baş iştirakçısına çevrildiniz?! Niyə islahatlara əməli dəstək ola bilmədiniz? Akademik, deputat, vitse, direktor vəzifələrini minib dövlətə faydası olmayan istiqamətlərə çapdınız. Dəhşət və təəssüf...
PS. 1. Mən isə gözləyirdim ki, dövlətdən təxminən 7700 (yeddi min yeddi yüz) manat maaş alan İsa Həbibbəyli bu dövlətin elmi, tərəqqisi üçün səmimi iş görər. Heyhat!
PS. 2. Əsl vətəndaşlar ehtiyac içində çarpışarkən vəzifəsindən sui-istifadə edib milyonları talayan "əyan-əşrəflər" harınlıq və israfçılıq içində laübalı həyat sürürlər...

İdris Abbasov
filologiya elmləri doktoru, professor

Xəbər lenti