Professor deputat Siyavuş Novruzova ibrət dərsi keçdi...




Deputat Siyavuş Novruzovun “Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər” tövsiyəsi reallığa ziddir. Ölkəmiz 20-25 il bundan əvvəlki ölkə deyil.
Bəli, 90-cı illərdə mən də tələbə olmuşam. Həmin vaxt ölkə ağır sosial-iqtisadi və siyasi böhran keçirirdi. Yavan çörəklə keçindiyimiz günlər az olmayıb. İşləmişik, yüklənmişik, xəstələnib həftələrlə yerdə qalmışıq və s.
Tələbənin çörək dalınca qaçması keyfiyyətsiz təhsil deməkdir, Siyavuş müəllim. Siz elə bilirsiniz ki, biz keyfiyyətli təhsil almışıq? Keyfiyyətli təhsil alsaydıq, milyonçu ölkənin dilənçi vətəndaşları olardıqmı?! Yaltaqlıq, yalaqlıq, ikiüzlülük, cibgirlik, rüşvətxorluq, korrupsiya, mənəviyyatsızlığa boyun əyərdikmi?!
Tələbə olanda elmin, təhsilin sirləri haqqında düşünmək əvəzinə, qarnımızı düşünmüşüksə, vay bizim halımıza! İçərimizdən "çeviklər" çıxıbsa, onlar da əsl elm adamı olmaq əvəzinə, həddən ziyadə mənəviyyatsızlaşmış, şəxsi marağını güdən görməmiş alim, professor, akademikə çevrilmiş, dövlət büdcəsinə daraşmışlar.
İlk növbədə, sərt qanundan əlavə, normal təhsil, tərbiyə, ədalət, düzlük, mərhəmətə söykənən prinsiplər qorunsaydı, bunlar belə edərdilərmi?! İndi onları büdcədən qoparmaq üçün ümid yalnız qanunun gücünə qalıb!
PS. Bu xalqın anaları Vətən uğrunda, Dövlət naminə həyata yenicə atılmış minlərələ cavan balalarını şəhid verdilər. Sizin məntiqinizlə indi də analar Vətən üçün min əzabla böyütdükləri övladlarını candan əziz olan Vətənin, Dövlətin büdcəsini talayan, milyonlara sahib müftəxor məmurlara, özünə mülklər salmış, övladını xaricdə ən bahalı ali məktəblərdə oxudan deputatlara, tüfeyli və korrupsioner rektorlara, akademiklərə və bu qəbildən olan digərlərinə qurban etməlidirlərmi?!
Əcəb məntiqdir: Sərvəti aşıb-daşan ölkənin tələbəsi daş daşısın, rektoru milyarda sahib olsun, dövlət büdcəsini dağıtsın. "ABŞ-da, Fransada və s. tələbə həm oxuyur, həm də işləyir" məntiqini kor-koranə Azərbaycana şamil etmək vaxtilə "karyerdə daş atıb, 10 manat almaq" məntiqinizin mənəvi-psixoloji fəsadıdır. Keçmiş olsun!
Dövlət, Vətən, xalq naminə daş da daşıyarıq, qab da yuyarıq, ölümə də gedərik. Amma dövləti talayan o nadürüstlərin naminə yox!


İdris Abbasov

Xəbər lenti