|
|
Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus “Gəmiqaya Holdinq” şirkətinin onun əlindən alındığı və adının dəyişdirildiyi təsdiqlənib.
Vasif Talıbovun oğlu Rza Talıbovun uzun müddət rəhbərlik etdiyi “Gəmiqaya Holdinq” bundan sonra “Arkoz Holdinq” adlanacaq. Bu gün şirkətə Bakıdan rəhbər təyin ediləcəyi gözlənilir.
Bəs “Gəmiqaya Holdinq” şirkətlər qrupu hansı sahələrdə fəaliyyət göstərirdi?
Modern.az saytı ictimaiyyətin məsələyə marağını nəzərə alaraq “Gəmiqaya Holdinq”lə bağlı kiçik bir araşdırma aparıb.
Vasif Talıbovun bu topdağıtmaz holdinqi ilə bağlı faktları oxuculara təqdim edirik:
Baş ofisi Naxçıvan şəhərində yerləşən “Gəmiqaya Holdinq” 2008-ci ilin dekabr ayında təsis edilib. Bu holdinq hazırda 14 şirkəti özündə birləşdirir. Həmin şirkətlər Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrdə fəaliyyət göstərir.
Holdinqin istehsal etdiyi məhsullar xarici bazarlara da çıxarılır.
Məlumatlara görə, “Gəmiqaya Holdinq” məhz Vasif Talıbovun səlahiyyətlərinə arxalanmaqla Naxçıvan bölgəsində müxtəlif sahələrdə inhisarçı qurum olaraq fəaliyyət göstərib. Yəni uzun illər “Gəmiqaya Holdinq”ə rəqib şirkət yaradılmasına imkan verilməyib.
Məsələn, bölgədə mebel istehsalı ilə bu holdinqdən başqa, heç kim məşğul ola bilməzdi. Onun məhsulları “Bellisa mebel” brendi adı altında bazara çıxarılır.
“Gəmiqaya Holdinq” Naxçıvan MR ərazisində un istehsalını da inhisara almışdı. “Gəmiqaya Taxıl Məhsulları Sənaye Kompleksi” MMC-də “Bərəkət qida” brendi ilə ildə 11 milyon kiloqram un istehsal olunur.
Holdinqin nəzdindəki “Gəmiqaya Qida Sənaye Kompleksi” MMC “Bərəkət qida” brendi ilə un, süd, çörək, makaron, şirniyyat, ət, meyvə suyu, şərab məhsulları istehsalının inhisarçı şirkəti olub. “Badamlı” əmtəə nişanlı meyvə suları, “Mirvari” və “Qızıl damla” adlı şərablar da burada istehsal olunur.
Naxçıvan bölgəsində taxıl tədarükü də yalnız “Gəmiqaya Holdinq”ə məxsus olub.
Holdinq Naxçıvanda kərpic və daş, heyvan yemi istehsalı kimi gəlir gətirən sahələrə də təkcə nəzarət edib.
“Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC heyvandarlıq və quşçuluq üçün yem istehsalında uzun illərdir rəqabət olmadan fəaliyyət göstərir.
“Gəmiqaya Holdinq”in tərkibində fəaliyyət göstərən “Dekoria” alış-veriş mərkəzi, “Elit 57” ticarət mərkəzi, “Gəmiqaya Toxum Market” ən böyük obyektlərdən sayılır.
2006-cı ildən fəaliyyət göstərən “Gəmiqaya Heyvandarlıq Kompleksi” müəssisəsi 10 hektar ərazidə 5 tam təchizatlı tövləyə sahibdir. Heyvandarlıq kompleksi də əsasən südlük və ətlik cinslər olan Holişteyin Friz (ağ-qara), Simmental (qırmızı), Şvis (boz) heyvanları saxlanılır.
Həmçinin kompleksin ümumi sahəsi 97 hektar olan əkin sahəsi də mövcuddur ki, bu sahələrdə təsərrüfatın tələbatına uyğun olaraq silos, buğda, arpa, yonca və digər yem bitkiləri tədarük edilir.
Bu kompleksdə əldə olunan süd və ətdən müxtəlif qida məhsulları istehsal olunur.
“Gəmiqaya Holdinq” “Naxçıvan Sement Zavodu” MMC, “Naxçıvan Tikinti Materialları İstehsalı Kompleksi”, “Gəmiqaya Sənaye Kompleksi” MMC, “Gəmiqaya Nəqliyyat” MMC, “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC, “Gəmiqaya Kərpic Kompleksi” MMC, “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC, “Gəmiqaya Plastmas Kapsul və Qapaq” MMC, “Gəmiqaya Mebel Fabriki” MMC kimi şirkətləri özündə birləşdirir.