HÖKMƏLİ DAİRƏSİNDƏ BİABIRÇILIQ…


 



Vaxtilə ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyi adlı qurum yaradılanda hər   birimiz bunu çox böyük razılıqla qarışladıq. Düşündük ki, daha vaxtı keçmiş, geni dəyişdirilmiş, aşağı keyfiyyətli qida məhsullarına marketlərdə, bazarlarda rast gəlməyəcək, bu cür məhsulları satışa çıxartmaq istəyən işbazlarla bağlı adıçəkilən Agentlik tərəfindən sərt tədbirlər görüləcək. Ancaq müşahidələr göstərir ki, hər şey tərsinə oldu. Dükan-bazarlarda saxta və keyfiyyətsiz ərzaq məhsulları gündən-günə daha da çoxaldı.

 

Qida Təhlükəsizliyi Agentliyi isə hazırda nəinki insanları «zəhərləyən» belə iş adamları ilə bağlı tədbir görür, əksinə bir çox hallarda onların himayədarına çevrilir. Təbii ki, bu «himayədarlıq» da boşuna həyata keçirilmir. Yəqin ki, söhbətin nədən getdiyini hər kəs yaxşı anlayır.

Saysız-hesabsız ticarət və iaşə obyekti  göstərmək olar ki, onların fəaliyyəti heç cür qənaətbəxş saylıa bilməz. Bu yazımızda onlardan yalnız birini aidiyyatı qurumların diqqətinə çatdırmaq istəyirik. Söhbət Abşeron rayonu ərazisində,  Hökməli adirəsi deyilən yerdə fəaliyyət göstərən ət satışı məntəqəsindən gedir. Həmin dairədən 20-30 metr kəndə tərəf düz yolun kənarında, toz-torpağın içində, tam antisanitar şəraitdə gündəlik ət satışı həyata keçirilir. Ən acınacaqlısı isə odur ki, burada əsasən ya bala salmış, ya da yağlanmış  heyvanlar kəsilib satılır. Digər normal kəsim yerlərində 1 kq. ətin qiyməni 11 AZN olduğu halda burada 7.5  AZN-dir. Elə bu qiymət fərqi də hər şeyi açıb ortaya qoyur. Xüsusi qeyd edilməlidir ki, bu qisim heyvanlarda xəstəlik ehtimalı daha çox olduğundan onlar satışa çıxarılandan əvvəl mütləq şəkildə ciddi müayinədən keçirilməlidir.    Sözügedən obyektdə isə bu barədə düşünən yoxdur.

«Yeni kirpi TV»-də verilən məlumata görə, obeykt sahibi aidiyyatı qurumlarla lazımi şəkildə «dil tapdığından» heç kəs ona «qaşın üstə gözün var» demir. Ancaq bu biabırçılıq uzun müddət davam edə bilməz. Ümid edirik ki, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyatı qurumlar tezliklə qaldırdığımız problemlə bağlı hərəkətə keçəcəklər.              

Onu da qeyd edək ki, Hökməli dairəsindən Qobu qəsəbəsinə tərəf gedən yolun kənarında da oxşar biabırçı vəziyyət müşahidə olunur.


Xəbər lenti