|
“Yay gələndən belə demək olarsa, ağcaqanadların kütləvi hücumuna məruz qalmışıq. Xüsusən axşam saatlarında, hava qaralandan sonra qəsəbədə həyat dayanır. Heç kim çölə çıxa bilmir, işıqları söndürüb evdə otururuq”.
Bu şikayətlə “Qafqazinfo”ya Abşeron rayonu, Məmmədli qəsəbəsi Əjdər Məlikov küçəsində yaşayan sakinlər müraciət ediblər. Onların sözlərinə görə, əvvəllər sözügedən ərazi dərmanlandığından belə hallar yaşanmayıb. Hazırda isə ərazi dərmanlanmır, üstəlik yaxınlıqdakı qrunt sularının yığıldığı gölün ətrafına məişət tullantılarının tökülməsi də buranı yaşanmaz hala gətirib.
“Yaxınlıqda göl var, bir neçə ay əvvəl gətirib həmin əraziyə məişət tullantıları tökmüşdülər. Sakinlərin etirazından sonra yığışdırıldı. Bundan sonra da ağcaqanad əlindən tərpənmək olmur. Axşam saatlarında qəsəbə zülmətə bürünür. Heç kim evində işıq yandırmır, çünki işıq yansa, evdə yatmaq mümkün olmaz. Həyətə çıxıb hava almağı isə heç ağlımıza gətirmirik. Aidiyyəti dövlət qurumlarına şikayət etsək də, çarə edən tapılmır”, - qəsəbə sakini Pərvin Zeynalov bildirib.
Məsələ ilə əlaqədar Abşeron rayonunun Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitariya Şöbəsi ilə əlaqə saxladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən ərazi Abşeron rayonuna aid olsa da, orada xidmət prosesi Sabunçu rayonunun müvafiq şöbələri tərəfindən həyata keçirilir: “4-5 il əvvəl də belə bir problem qalxmışdı, sakinlər ağcaqanadların olmasından şikayətlənirdilər. Biz araşdırdıq, məlum oldu ki, həmin ərazilərdə dezinfeksiya işləri Sabunçu rayonunun aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Biz dəfələrlə sözügedən qəsəbənin bələdiyyəsinə müraciət etmişik ki, Abşeron rayonunun ərazi profilaktika-dezinfeksiya şöbəsi ilə müqavilə bağlasınlar. Lakin illərdir desək də, müqavilə bağlanmır, nəticədə aidiyyəti qurum gedib orada dezinfeksiya işləri həyata keçirə bilmir”.
Məsələ ilə əlaqədar Məmmədli bələdiyyəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab ala bilmədik.