|
Bu yaxınlarda «Yeni kirpi» TV sayıtında «Hökməli dairəsində biabırçılıq» başlıqlı məqalə verilmişdi. Yazıda Abşeron rayonu, Hökməli qəsəbəsinin girişindəki dairədə, eləcə də Hökməli-Qobu yolunun kənarında qanunsuz ət kəsimi və satışı barədə söz açılır və göstərilirdi ki, bu işlər ciddi anti-sanitariya şəraitində həyata keçirilir. Nəticədə də həmin ərazilərdə ağır yoluxucu xəstəliklərin yayılmasına zəmin yaradılır. Üstəlik sözügedən obyektin fəaliyyti piyadaların və avtonəqliyyat vasitələrinin hərəkətinə də ciddi maneələr törədir.
Qeyd edək ki, haqqında bəhs etdiyimiz məqaləni araşdırılıb tədbir görülməsi üçün Qida Təhlükəsizliyi Agentliyinə və Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladıq. Gözləmək olardı ki, adıçəkilən dövlət qurumları tezliklə həmin ərazidəki vəziyyətə müdaxilə edəcək və orada yaşanan biabırçılığa son qoyulacaq. Ancaq təəssüf ki, hər şey əksinə oldu. Yəni, ərazidəki qanunsuz obyektlər nəinki yığışdırıldı, əksinə orada boş qalan kiçik əraziyə daha bir neçə «obyekt» pərçim edildi toyuq satışı məntəqəsi, meyvə-tərəvəz satışı məntəqəsi və s.
Onu da xatırladaq ki, həmin ərazi əvvəllər avtobus dayanacağı kimi fəaliyyət göstərib. Ancaq «işbazlar» oranı zəbt etdikdən sonra nəqliyyatın hərəkəti ilə bağlı acınacaqlı vəziyyət yaranıb. Belə ki, boş yer olmadığından sürücülər sərnişinləri mindirib-düşürmək üçün avtobusları düz yolun ortasında, yəni avtomobillərin hərəkət zolağında saxlamalı olurlar. Bu da tıxaca və nəticədə ciddi narahatçılığa səbəb olur.
Qida Təhlükəsizliyi Agentliyinin, Abşeron Rayon İcra Hakimiyyətinin, əraziyə nəzarət etməli olan Polis Bölməsinin hansı maraqlar naminə bu cür biabırçılığa göz yummaları isə ciddi suallar doğurur. Hesab edirik ki, bu acınacaqlı vəziyyət uzun müddət davam edə bilməz. Yəqin ki, Hökməli dairəsində yaşanan biabırçılığa tezliklə son qoymağa gücü çatan gözütox bir səlahiyyət sahibi tapılar.
Abşeron rayon icra hakimiyyəti başçısı
«Yeni Kirpi» TV.