"İnstpower" fırıldağı - Minlərlə vətəndaş pul itirdi





Azərbaycanda son dövlərlər məşhurlaşmış fırıldaqçılıq üsullarından biri olan "İnstpower" piramidasının fəaliyyətini dayandırdığı bildirilir.

 

Yenikirpi.az Modern.az-a  istinadən xəbər verir ki, piramidanın adminlərinin sistemi söndürdüyü bildirilir.

 

Şişirdilmiş vədlərə aldanmış minlərlə vətəndaş sistemə yatırdığı pulunu geri ala bilmədiyini söyləyir.

 

"İnstpower"in adminləri məlumat yayıblar ki, sistem bağlanmayıb, sadəcə "investorların" hesablarına pulun köçürülməsində problem yaranıb. Həmçinin məlumat yayıblar ki, serverlər yeniləndiyindən və vergi problemlərinə görə "İnstpower" işləmir.

 

Qeyd olunur ki, vətəndaşlar hələ də problemin həll ediləcəyini ümid edirlər. Mütəxəssislər bildirirlər ki, digər piramidalarda olduğu kimi, "İnstpower" pramidasında da vətəndaşlar aldadılıb, onların pulları mənimsənilib.

 

"İnstpower" piramidası Azərbaycanda çox məşhurlaşmışdı. Bu piramidaya görə, "İnstpower" adlı şirkət cəlb etdiyi yatırımları "Power bank" istehsalı və "paylaşılması" biznesinə yönəldir və əldə etdiyi gəlirdən "sərmayəçilərə" mənfəət ödəyir. Bir müddət əvvəl bildirilirdi ki, "İnstpower" pramidası artıq "doyub", ən qısa müddətdə piramidanın adminləri sistemi söndürərək "qeybə çəkiləcəklər".

 

Piramida mexanizminə görə, layihəyə yeni qoşulanlardan əldə edilən pul əvvəl qoşulanlara qazanc olaraq ödənilir və məlumatsız insanlar şirnikləndirilir. Eyni zamanda, maliyyə piramidası fırıldaqçısının (bunlara sistemin adminləri deyilir) balansında da vəsait yığılır. Balansa yığılan vəsait hədəflənmiş səviyyəyə çatdıqdan sonra piramidanın admini sistemi söndürür və qazananlardan çox itirənlər olur.

Xəbər lenti