Sən demə, İsa Həbibbəylinin aylıq maaşaı 8 976 (səkkiz min doqquz yüz yetmiş altı) manat 25 qəpikdir. İl ərzində bundan əlavə 8 min 662 (səkkiz min altı yüz altmış iki) manat 20 qəpik müavinət də alır.
BÜDCƏDƏN QİDALANIRLAR, AMMA PROBLEMLƏRİN ÖLKƏ PREZİDENTİNƏ AİD OLDUĞUNU DEYİRLƏR. ORTADA YEYİB QIRAQDA GƏZƏN ADAMA AKADEMİK-DEPUTAT DEYİLİR? BU QƏDƏR DÖVLƏT ƏHƏMİYYƏTLİ MƏSƏLƏLƏRİN ONA AİD OLMADIĞINI DEYİR. AKADEMİK FƏLAKƏTDİRMİ BU?
Əziz dostlar, Prezidentin Dilçilik İnstitutuna ayırdığı və yoxa çıxan 2 milyon manatın ona heç bir aidiyyətinin olmadığını deyən, özünün və adamlarının zəif, hətta primitiv plagiat əsərlərini dövlət vəsaiti hesabına nəşr etdirib "şedevr" kimi təqdim edən, Prezident İlham Əliyevin Sərəncamı ilə ana dilmizə aid qədim fondlarda saxlanılan əsərlərin araşdırılması və çapına 1 manat da ayırmayan, öz elmlər doktoru həmkarının kasıbçılığına sevinən, ədalətsizlikdən xüsusi zövq alan, alimliklə tərs mütənasib olan təfəkkür tərzinə (Mənə nə? Ölkənin Prezidenti var, etsin də!) sahib, 2017-ci ildə Mirzə Kazımbəyin "Türk-tatar dilinin ümumi qrammatikası"nın (Azərbaycan dilinin ilk elmi qrammatikası, 1007 səh.) və 2020-ci ildə Pietro della Vallenin "Türk dilinin qrammatikası" (Azərbaycan dilinin orijinal qrammatikası 1096 səh.)nın tərcümə, tədqiq və şərhinin çapına heç bir vəsait ayırmayan (halbuki Prezident 2 000 000 manatı bu işlər üçün nəzərdə tutmuşdur), AMEA-nın müvafiq elm sahəsini kurasiya edən vitse-prezidenti, Milli Məclisin deputatı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin, sən demə, təkcə dövlətdən aldığı aylıq məvacibin məbləği ən azı 8 976 (səkkiz min doqquz yüz yetmiş altı) manat 25 qəpikdir. İl ərzində bundan əlavə 8 min 662 manat 20 qəpik müavinət də alır. Bunu da aylara böldükdə, təxminən 9 min 700 manat edir.
Müqayisə edin:
İsa Həbibbəyli 9700 mant - İdris Abbasov 550 manat. Bu böyüklükdə "ƏDALƏT" olarmı?! Gəlin, xidmətimizi də, ziyanımızı da qoyaq ortaya!
Dövlətə, millətə, elmə sevginiz bu qədər bəsitdirmi, möhtərəm akademiklər? Bu qədər "qayğıkeş" və elm "təəssübkeşi"sinizmi? Milyonlarla ayırmaları, qrantları göyə sovurmanızı demirəm, hələ rəsmi aldığınız bu qədər maaş müqabilində elmin başına oyun açmaqdan xəcalət çəkmirsinizmi?! İnstitut direktoru Möhsün Nağısoylunun adını çəkmirəm, çünki o, özünün də etiraf etdiyi kimi sizin buyuruğunuzu yerinə yetirir, heç bir funksiyası yoxdur. AMEA prezidenti Ramiz Mehdiyevin də belə taleyüklü işlərə baş qoşmağa vaxtı və halı yoxdur.
Möhtərəm İsa Həbibbəyli, vallah, belə davam etmək olmaz.
Elan vurmusunuz ki, 21 fevralda "Beynəlxalq Ana dili Günü"nə həsr olunmuş tədbir keçirəcəksiniz. Nə dərəcədə səmimidir? Axı siz ana dilimizin ilk elmi qrammatikasına və 400 il əvvəl yazılmış tarixi-siyasi və dövlətçilik əhəmiyyətinə malik milli abidəmizin dirçəldilməsinə məhəl qoymadınız, pulları basıb-yediniz, çünki şəxsi və tayfa-tülə marağı güdməklə, özünüzə və şəxsinizə aid olanlara "gün ağlamaq"la məşğul olmusunuz! Baş redaktoru olduğunuz, nöqtəsinə, vergülünə kimi köçürülən 912 səhifəlik biabırçı plagiat kitaba gurultulu tədbirlər və təqdimat mərasimləri keçirdiniz. Üstü açıldı, rüsvay oldunuz, amma yenə də yolunuzdan dönmədiniz.
Dövlətə xidməti 20 nəfər elmlər doktorunun aylıq maaşı mislində maaş alıb, geniş səlahiyyətlərə, maddi imkanlara malik olub belə yarıtmaz işlərlə məşğul olmaq kimi başa düşürsünüzmü? Yəni dövlət maraqları ilə bağlı sizin heç bir məsuliyyətiniz yoxdurmu?!
Bu işinizlə sizin ayınıza mənim aldığım 550 manat da düşmür. Nə edək ki, hələlik çərxi-fələk belə dönür...
Deputat maaşı ilə bağlı bu linkdən oxuya bilərsiniz:
https://www.yeniavaz.com/.../milli-meclis-deputatlarin...