|
Lənkəran rayonunda yerləşən Xanbulan gölünün ətrafına giriş üçün 2 manat ödəniş tələb olunur.
Bu barədə “Qafqazinfo”ya həmin əraziyə səfər edən vətəndaşlar bildiriblər. Onlar qeyd ediblər ki, ödəniş tur şirkətlərinin qiymətinə daxil deyil.
Məsələ ilə bağlı araşdırma apardıq. Məlum oldu ki, sözügedən göl Hirkan Milli Parkının ərazisinə daxildir. Parka giriş üçün isə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2 manat ödəniş nəzərdə tutulur.
Ekoturistlər parka həftə ərzində saat 9:00-dan 18:00-dək daxil ola bilərlər. Vətən Müharibəsi Qəhrəmanları, Milli Qəhrəmanlar, ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş şəxslər (müvafiq təsdiqedici sənədi təqdim etməklə), məktəbəqədər uşaqlar, məktəblilər və onları müşayiət edən müəllimlər giriş haqqından azaddırlar.
Qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, bundan əvvəl də parka girişə üçün ödəniş nəzərdə tutulsa da, bir çox hallarda vətəndaşlar həmin ödənişi etməkdən imtina edirdilər.
Qeyd edək ki, Xanbulan gölü Lənkəranın əsas turistik ərazilərindəndir və rayonun eyniadlı kəndində yerləşir.