|
Qazax Melioservis İdarəsinin rəisi Fərman Nağdalıyevin Qazax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini işlədiyi vaxtları Qazax sakinləri yaxşı xatırlayırlar. Həmin dövrdə vətəndaşların qarşılaşmalı olduqları məmur süründürməçiliyindən tutmuş, ən müxtəlif səpkili haqsızlıq və qanun pozuntuları birbaşa məhz bu məmurun adı ilə bağlı olurdu. İş o yerə çatmışdı ki, 2016-cı ildə Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə Qazax RİH-nin başçısı vəzifəsinə təyin olunmuş Rəcəb Babaşov nə az, nə də çox düz bir il demək olar ki, rayon sakinlərinin ancaq Fərman Nağdalıyevin özbaşınalıqları ilə bağlı şikayətləri araşdırmaq məcburiyyətində qalmışdı. Deyilənə görə o vaxtlar qəbul günləırində azı 120-130 şikayətçi dinlənilirdi ki, həmin şikayətlərin də əgər hamısının olmasa, hər halda böyük əksəriyyətinin artıq 3 icra başçısı ilə işləmiş müavin Fərman Nağdalıyevin yaratdığı vurğulanırdı. Bu məmur 2016-cı ilə qədər də vətəndaşların eyni mövzulu şikayətlərini bəlkə də, 100 dəfə dinləyib, amma heç bir tədbir görməyib. Halbuki, 10 ildən artıq Qazax RİH-nin başçısının müavini işləyən Fərman Nağdalıyev özünü rayonda əsas səlahiyyət sahibi kimi aparırdı, hətta deyilənə görə onun ən çox işlətdiyi söz “rayonun taleyinə mən cavabdehəm” ifadəsi idi.
Hər halda hər şeyin bir sonu olduğu kimi, Fərman Nağdalıyevin də ən azından başçının müavini kimi törətdiyi özbaşınalıqlara nəhayət ki, 2017-ci ildə son qoyuldu. Həm də maraqlıdır ki, rəsmi olaraq onun öz ərizəsi ilə işdən çıxdığı bildirilsə də, əslində Fərman Nağdalıyevin nalayiq, bütün icra strukturunun adına ləkə gətirə biləcək hərəkətlərə yol verməsi səbəbindən vəzifədən uzaqlaşdırıldığı güman edilir. Amma bununla belə, keçmiş müavin karyerasının növbəti mərhələsindən də qətiyyən narazı olmamalıdır. Əksinə, deyilənə görə Qazax Melioservis İdarəsinin rəisi vəzifəsinə təyin olunandan sonra Fərman Nağdalıyevin kefi bir az da kökəlib. Əlbəttə ki, tək bir traktorla on minlərlə manat pul silən rəis, təsəvvür edin ki, ixtiyarında olan bütün resurslarla nələr edə bilər. Xüsusən də əgər bu rəis Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbərliyinin (keçmiş rəhbərliyinin – red.) xüsusi himayəsində olarsa...
Bu məsələni Qazax rayon prokuroru araşdırsa hər .şey aydın olar.
Ən azından demək olar ki, Fərman Nağdalıyevin bütün əməllərinin ifşa olunması üçün Meliorasiya və Su Təsərrüfatı ASC-yə Ə.Əhmədzadənin rəhbərlik etdiyi dövrdə Qazax Melioservis İdarəsinin hesabına köçürülən dövlət vəsaitlərinin nə dərəcədə məqsədyönlü şəkildə xərclənməsi məsələsi araşdırılarsa, bir çox sual doğuran məqamlar üzə çıxar.