|
“Yeni Günəşlinin yolları çox bərbad gündədir”.
Bu barədə qəsəbə sakini Haldun Novruzzadə məlumat yayıb. Şikayətçi bildirib ki, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının qabağından, yəni A\B massivindən üzü V massivinə, yeni açılışı olacaq yola yamaq vururlar: “Amma elə V massivdə də yollar bərbad gündədir. Yollar yamaq-yamaqdır. Maşın sürmək də olmur”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya açıqlamasında bunları deyib: “Agentlik olaraq Yeni Günəşlinin yollarının hansı vəziyyətdə olmasından xəbərdarıq. Bununla bağlı olaraq, mərhələli şəkildə təmir işləri də aparılır. Bundan əlavə, onu da deyim ki, Agentliyin gördüyü hər hansı bir iş yalan, saxta deyil. İctimaiyyətə açıq şəkildə, hər kəsin gözü önündə icra olunur. Biz Bakı şəhərinin küçələrini əhatə edən yolların təmir işlərini icra edirik. Bu işlər investisiya proqramları çərçivəsində öz həllini tapır. Təbii ki, həmin il üzrə ayrılmış maliyyə vəsaitinə uyğun olaraq. Hər il də bununla bağlı hesabat verilir”.
Anar Nəcəfli yolların yamaqlanması ilə bağlı iddiaya da münasibət bildirib: “Küçələrin, yolların saxlanılması üçün biz cari təmir işləri görürük. İnsanlar buna yamaqlanma deyirlər. Hansı ərazidəki yolun hissələri dağılıbsa, həmin yerdə asfalt-beton örtüyünün aşınma qatının yenilənməsi işləri aparılır. Bu işlər il ərzində icra olunur. Təbii ki, hər hansı bir dövlət əhəmiyyətli tədbirlərin keçirildiyi ərazilər olduqda o ərazilər də həmin tədbirlərdən öncə abadlaşdırılır”.