1 000 manata “prava”, “əşi, qanun elə mənim üçündür?” - Əzablı ziddiyyətlər



 

 

 

İnsan təkamül prosesi ilə müasir formaya sahib olub, ancaq xarakter və zehniyyətimizdə hələ də təkamüldəki vərdişlər özünü büruzə verir.

Uzun-uzadı insanın təkamül periodunu izah etmək niyyətindən uzağıq, mövzumuza uyğun bir məqamı qeyd etməklə kifayətlənəcəyik: Təqribən 70 min il bundan öncə təfəkkür inqilabı başlayıb. Sonrakı dövrlərdə aqrar inqilab və ardınca elmi inqilab təfəkkürün müasir ölçüyə gəlməsinin mühərrikinə çevrilib.

Təəssüf ki, bu gün insan təkamül keçmişinə söykənən davranışları şüurunun prioritetlərinə daxil etməkdən əl çəkə bilmir.

Bu, bütün dünyada, cəmiyyətlərdə müşahidə edilən bir haldır, ancaq Azərbaycan kimi ölkələrdə bu tendensiyalar spesifiklik qazanıb.

Səbəblər çoxdur, məsələn yüz illərə davam edən müstəmləkə siyasətinin qurbanına çevrilmək, işğal, milli özünəinamın dibə vurması və hələ də üzüyuxarı qalxmaması və sair.

Nəticələr isə acınacaqlı bir mənzərə ortaya qoyur, şüurlarda, sözlərin birləşərək ifadə etdiyi cümlələrdə bunun şahidi oluruq.

Bilirik, təfəkkür inqilabı başa çatmayıb, proses davamlıdır, gələcəkdə insan beyninin hansı formalara yiyələnəcəyi barədə də müzakirələr gedir.

Bununla belə, ictimai təfəkkürdə kütləvi hal alan qıy-qışqırıq, səbəbi bəlli olmayan narazılıq, heç nəyi bəyənməmək və özünün də tərəqqi üçün tələb olunan ən sadə parametrə cavab verməməsi əzablı təzadın mənzərəsidir.

İctimai xəyali quruluşun təməllərində ziddiyyətlərin mövcudluğuna dair bir neçə nümunə gətirək:

1. Hamı rüşvət və korrupsiyanın pis olmasından danışır. Amma çoxları sürücülük vəsiqəsini oxuyub almaq əvəzinə “1 000 manat verim alım da ... ” düşüncəsi ilə yaşayır. Açığını deyək, rüşvət çoxumuz üçün bir sıra hallarda sərfəlidir. Məsələn, bir sürücü qayda pozduğu halda qanuni şəkildə 100 manat cərimə olunmasını istəmir və 10 manat “şirinliklə” yaxasını qurtarmağa çalışır.

2. Hamı mənimsəmənin, korrupsiyanın dövlətə ziyan vurduğunu deyir, amma bir çoxu öz övladlarını korrupsiyanın birbaşa subyekti olan orqanlarda işə düzəlməsini istəyir.

Əsas niyyət: Mənim də övladım palaza bürünüb ellə sürünsün və özünə var-dövlət yığsın, gün ağlasın.

3. Hamı şəffaflıqdan danışır, amma nə qədər insanımız var ki, min bir yolla özünə saxta sənəd düzəldir və imtiyazlar qazanır. Bu aşkara çıxarılanda isə şəffaflığa dair tezislərini özü darmadağın edir və “əşi, bu ölkədə qanun təkcə mənim üçündürmü?” deyir.

Belə olan təqdirdə sual olunur: Rüşvətxor məmur, büdcəni öz dədə malı kimi sağa-sola xərcləyən vəzifəli şəxslə, sürətlə qeyri-qanuni yolla varlanmaq istəyən bir vətəndaş arasında fərq varmı? Fərq yalnız onların statusundadır, şüur olaraq isə hər ikisi eyni düşüncələri bölüşür. O məmur kimdir? Bəlkə həmin məmur kosmosdan, ya da başqa ölkədən gəlib? Xeyr, o da bizdən biridir. 

Heç inandırıcı gəlmir ki, hansısa valideyn övladının polis, müstəntiq olmasını ona görə arzulasın ki, övladı əsl məmur kim xalqına xidmət edəcək. Rüşvətxorluq üçün zəminin kökü isə onda qoyulur ki, valideyn bir neçə min manatından keçib övladını “akademiyaya qoyur”, bitirdikdən sonra isə həmin akademiyanı oxuyanlar xərclərinin əvəzini qarşılamaq üçün qeyri-qanuni yollara baş vurur. Dövlət işinə biznes ideologiyası ilə baxmağın arxasında “filan qədər pul vermişəm, mayamı çıxartmalıyam” gizlənir.

Güman edirəm ki, gətirdiyimiz bir neçə nümunə vəziyyətə dair aydın təsəvvür yarada bilər, yəni, oxucu nə demək istədiyimizi anlayar.

Hələ özünü ictimai əzabkeş kimi təqdim edərək az qala “Kefli İsgəndər” statusu qazananların ictimai rəyi manipulyativ fikirlərlə yönləndirənlərini də bura əlavə etsək, vəziyyətin dalana dirəndiyini deyə bilərik.

Bunlar keflidirlər, amma İsgəndər deyillər, Cəlil Məmmədquluzadənin yaratdığı İsgəndər obrazı təhsilli, dünyagörüşlü biri idi, həqiqətən də aydınlığa səsləyirdi. Ancaq İsgəndər obrazını iyrənc şəkildə təqlid edənlərin məqsədi cəmiyyəti qaranlığa sürükləməkdir, yalan-palan, məntiq xətaları ilə zəngin olan malalama cəhdləri burada onları təmizə çıxara bilməz.  

Təsəvvür edək, şüurlar necə korlanıb ki, ictimai tərəqqidən danışıldığı halda, tərəqqinin qarşısına maneə olaraq keçən şəxslər bəh-bəhlə, alqışlarla qarşılanır, “ura”, “səndən yoxdur”, “sən cansan” kimi şüarlar sosial şəbəkə səhifələrində gündəm kimi gözə girir.

Hərçənd, araşdırılmır ki, dərin inam bəslədikləri “maarifpərvər” şəxslər nəyi yalan deyir, nəyi düz, ümumiyyətlə yanaşması nə qədər səmimidir. Xeyr, əksinə, sən o “ziyalının” səhvlərini deyəndə amansız şəkildə psevdomüasirlərin kütləvi status hücumuna məruz qalırsan və beləliklə də ölkədə intellektual böhran dərinləşir.

Kiminsə fikri kontekstdən çıxarılır, həmin o “tərəqqipərvər” zəhərli ideya daşıyıcıları bilərəkdən bunu şişirdir, ictimai rəyi də buna qarşı hücuma hazırlayırlar.

Deməli bu cür adamlar heç nəyi araşdırmır, ümumiyyətlə isə yanaşmasından tutmuş savadına qədər hamısı başdan-ayağa qüsurlarla zəngindir.  

Digər bir məqam, kimlərsə kontekstdən çıxarılmaya etiraz edir. Amma baxır kimin fikri kontekstdən çıxarılıb.

Yəni burada ədalətə prinsiplər üzərindən deyil, şəxslərə münasibətlər müstəvisində qiymət verilir. Açığını deyim ki, belələri də başqa cür malalama ustalarıdır.

Bəli, məhz belə! Necə olur ki, xoşuna gəlməyən adamın fikri kontekstdən çıxarılıb söyüləndə sən prinsipi əlində rəhbər tutmursan, amma digərinə münasibətdə bunu ifadə edirsən? Əsla, tərəfdarı deyilik ki, kimsə kiməsə vəkillik etsin, ancaq heç olmasa, nəyəsə münasibət bildirəndə bir araşdır. Bilirəm, prinsiplərlə yanaşmaq kütləvi tərəfdar toplamır, tərəfdar toplamaq üçün ya kimisə söyməlisən, ya da ki ağıllı sözlərin arxasında gizlənib mahiyyətcə mövzu ilə əlaqəsi olmayan tənqidlər səsləndirməlisən.

Görürsünüzmü, kimlərsə şüurunda digərinə kollektiv hücum hazırlayan ideyalar istehsal edir və bunu ictimai təfəkkürün istehlakına təqdim edir. Zamanı hələ ki, geri qaytarmaq, ya da irəli aparmaq mümkün deyil, ancaq şüurdakı təzahürlər təkamülün hansısa dövründəki davranışlara istinad edir, təbii ki, bu, bilərəkdən edilmir.

Bir sözlə, bu düşüncənin hakim olmasını istəyənlər bizi hansı mütərəqqi aləmə apara bilər? Təfəkkür inqilabı baş verib, ancaq bəzi insanların təfəkkürü sadəcə müasir tələblərə uyğunlaşmağa cəhd edir və nəticədə deyə bilərik ki, bu inqilabın belələrinə aidiyyəti yoxdur.

Təkamüllə niyə əlaqələndirdik?

Bir nümunə verək: Pula, var-dövlətə hərisliyin qədim forması insanların yığıcılıqla məşğul olaraq özlərinə qida anbarı yaratmaqdır. Daha sonra bu instinkt inkişaf edərək müasir hərislik şəklinə gəlib çıxan təkamül yolunu keçib.

Bəs şüurun hansısa məcraya yönləndirilməsi? Bəli, fikir verək, insanın təkamülü prosesində qəbilələr formalaşmamışdan öncə belə əcdadlarımızın hansısa nümayəndəsi dəstəni ələ alıb və onu yönləndirib...

Aqşin Kərimov


 

 

 

 

Bölmənin digər xəbərləri

29 Mart 2023 İnterneti, xəstəxanası olmayan kəndin sakinləri etiraza qalxdılar - VİDEO
16 Mart 2023 Qubada kənd sakinləri AYAĞA QALXDI: ”BU İŞİ DAYANDIRIN CƏNAB NAZİR” – REPORTAJ
16 Mart 2023 Quba meşələrində DƏHŞƏTLİ GÖRÜNTÜLƏR:”Nəfəsimizi belə kəsirlər”
15 Mart 2023 “XXI əsrdə Bakının mərkəzində hamamı olmayan uçuq-sökük evdə yaşayırıq” - ŞİKAYƏT
13 Mart 2023 İcra başçısı tibb işçilərinə küçədəki tullantıları təmizlətdirdi - FOTO
09 Mart 2023 Quruyan təkcə Kür deyil....
07 Mart 2023 Abşeronda 37 yaşayış binası “sahibsiz” qalıb - VİDEO
20 Fevral 2023 Bakıda bina su quyusunun üstündə tikilib? - Su basmış həyətin sakinləri şikayətçidir - FOTO/VİDEO
03 Fevral 2023 Apteklərdə bəzi dərmanlar niyə tapılmır? - VİDEO
02 Fevral 2023 Qubadakı küçənin acınacaqlı vəziyyəti ilə bağlı AÇIQLAMA - FOTO/VİDEO
31 Yanvar 2023 Hövsanda yollar bərbad vəziyyətdədir - VİDEO
30 Yanvar 2023 Xəzər dənizinin suyunun azalması ilə bağlı ŞOK AÇIQLAMA - RƏSMİ +VİDEO
24 Yanvar 2023 Günlərdir qalaqlanan məişət tullantıları - VİDEO
20 Yanvar 2023 Qanlı 20 Yanvar faciəsindən 33 il ötür
16 Yanvar 2023 Xırdalanda əhalinin üzləşdiyi acınacaqlı MƏNZƏRƏ - VİDEO
10 Yanvar 2023 Xətai rayonunda 35 ailənin həyatı təhlükədədir -
09 Yanvar 2023 " Bakı qışa tam hazırdır"
09 Yanvar 2023 Bakı istiqamətində uzunluğu 1 km-ə çatan tıxac yarandı - VİDEO
06 Yanvar 2023 Hökməlidə hökm sürən antisanitariya - VİDEO
06 Yanvar 2023 İtlərin hücumuna məruz qalan 41 yaşlı qadın öldü - Video

Xəbər lenti