|
“Qiymət artımı şirkətlərə yox, əhalinin alıcılıq qabiliyyətinə təsir edir. Ticari şəbəkədə böyük rol oynayan şirkətlər də bu hallara uyğun məhsulunu istehsal etdikdə, keyfiyyəti aşağı salırlar”.
Bu fikirləri Modern.az-a Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov müşahidə olunan qiymət artımı fonunda məhsulların keyfiyyətinin aşağı düşməsindən danışarkən bildirib.
Onun sözlərinə görə, hər bir istehsalçı şirkət qiymət artımından istifadə edərək, çox pul qazanmaq üçün məhsulun keyfiyyətini aşağı salır:
“Bildiyimiz kimi, qiymət artıqca keyfiyyət aşağı düşür. Keyfiyyəti aşağı salan da istehsalçı şirkətdir. İstehsalçı şirkət ölkədə qiymət artımını müşahidə edir və öz məhsulunun da qiymətini qaldırır. Qiymətini qaldırdıqca keyfiyyətini aşağı endirir ki, gəliri daha çox olsun.
Onlar hər şeyi ölkənin iqtisadi durumuna uyğun tənzimləyirlər.
Bəzi şirkətlər var ki, özünün yararsız olan məhsulunu açıq şəkildə məhv edir. Mən bütün şirkətləri belə bir təşəbbüs etməyə çağırıram. Yalandan vaxtı keçmiş məhsulların üzərinin qabığını dəyişib, yenidən satışa qoymasınlar”.