|
Əslində tənqidə qalsa, biz elə özümüz də bu mətbuat dünyasına göz açdığımız ilk gündən tənqidin başında durmuşuq. Hamı da yaxşı bilir ki, Kirpinin tikanları çox qalın gönləri belə dəlib keçməyi yaxşı bacarır. Amma biz hər zaman haqlı tənqidin tərəfdarı olmuşuq, daha böhtanın, yalanın yox. Bir kəsin də böhtana məruz qaldığını görəndə səssiz dura bilmirik. Həm burada şəxsi simpatiya heç bir rol oynamır. Bizi qıcıqlandıran budur ki, niyə bəziləri cəmiyyətdə kifayət qədər nöqsanlı halların yanından düz keçib, əvəzində öz işini məsuliyyətlə görən, vəzifələrinin öhdəsindən lazımınca gələn qurum və müəssisələrə, onların rəhbərlərinə ürcah olurlar?
Məsələn, götürək elə BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentini. Qardaş, insafdırmı ki, deyək bu qurum öz işinin öhdəsindən gəlmir? Əlbəttə insafdan deyil. Hamımız bilirik ki, əvvəlki illərdə olduğu kimi, ötən qışın da qarlı-şaxtalı günlərində şəhər sakinlərinin mövsümi problemlərlə üz-üzə qalmamaları üçün Departamentin kollektivi tərəfindən bütün qabaqlayıcı tədbirlər vaxtında görülmüşdü. Hələ bir nəzərə də almaq lazımdır ki, bizim rahatlığımızı təmin etmək üçün bu kollektivin böyük bir hissəsi açıq hava şəraitində, icrası bir də qışın şaxtası, qarı-boranı ilə çatinləşən işləri görür. Həm də canı-dildən yox, canla-başla görür!
Əlbəttə ki, BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin fəaliyyət dairəsi bununla məhdudlaşmır. Qurumun əsas fəaliyyəti əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, aşınmalara uğramış liftlərin dəyişdirilməsi və texniki xidməti, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaların icrasından ibarətdir. Gördüyünüz kimi, adam bu işləri sadəcə sadalayanda belə artıq yorulur. Amma Departamentin rəisi Rəfail Mehralıyevin rəhbərlik etdiyi qurumun kollektivi yorulmaq bilmədən bütün bu sahələrdə bizə xidmət göstərir. Həm də yaxşı xidmət göstərir. Bunu etiraf etmək lazımdır. Bu gün biz də, şəhərimizin qonaqları da doğma, gözəl Bakımızı təmiz və səliqəli görürüksə bunda BŞİH-nin Mənzil-Kommunal Təsərrüfatı işçilərinin də bilavasitə böyük əməyi vardır. Buna görə də biz bu insanlara təşəkkür etməliyik.
Amma biz nə edirik? Biz bu gün bəzi yerli internet resurslarında Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin fəaliyyətilə bağlı obyektiv informasiya təqdim edən yazılar əvəzinə müxtəlif əsassız iddiaların, şər və böhtanın əks olunduğu materialları görürük və susuruq. Biz səsimizi çıxarmırıq, qarşı tərəf də öz hücumlarını bir az da kəskinləşdirir. Artıq neçə müddətdir ki, Departamentin rəisi Rəfail Mehralıyev də, onun rəhbərlik etdiyi kollektiv də haqsız, əsassız tənqidin, bəzən isə aşkar iftiraların hədəfinə çevriliblər. Yazmaqla bir kar hasil edə bilmədilər, indi də danışmaqla insanların zəhləsini tökürlər. Axı nə vaxta qədər bu belə davam edəcək? Yəni Kirpi iynələrini qabartmasa, bu məmləkətdə haqsız sözün qarşısına hədd qoyacaq başqa bir kimsə tapılmayacaq..?