|
Çat verən divarlar, yararsız tavan və döşəmə, hər an çökə biləcək dam örtüyü. İstismar müddətini çoxdan başa vurmuş bu tikili Cəlilabadın Maşlıq kəndinin təhsil ocağıdır. Nizami Alışanov adına tam orta məktəb illərdir ki qəzalı vəziyyətdədir.
1960-ci illərdə istifadəyə verilən məktəbdə 700-dən çox şagird təhsil alır. Yağışlı havalarda vəziyyət daha da acınacaqlı olur. Məktəbin dam örtüyü köhnə olduğu üçün sinif otaqlarında gölməçələr yaranır. Mövcud vəziyyət məktəbin pedaqoji kollektivini də çətin vəziyyətdə qoyub.
Qeyd edək ki, keçən tədris ilində oxşar vəziyyətdə olan rayonun Musalı kənd orta məktəbi qəfildən çökmüş, xoşbəxtlikdən dərs olmadığı üçün insan itkisi olmamışdı. Tədrisi şəxsi evlərdə və uzaq qonşu kənd məktəbində davam etdirən Musalı məktəbi bu təhsil ilində də hələlik binasızdır. Köçkün məktəb 5 kilometrlik məsafədəki qonşu kəndin idman zalında məskunlaşıb.
Həm Musalı, həm Maşlıq kəndindəki məktəb binasının aqibəti ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ağaxan Ağayev Baku TV-yə bildirib ki, məktəblərin qəzalı vəziyyətdə olması barədə Təhsil Nazirliyinə məlumat verilib. Maşlıq kəndində 720, Musalı kəndində isə 180 şagird yerlik yeni məktəb binasının tikilməsi nəzərdə tutulub.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: