MƏSULİYYƏTİNİZİ YELLƏR APARDIMI, İSA MÜƏLLİM?!




AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib ki, bəzi həmkarları havanın pisləşməsini də onun adına yönləndirməyə çalışırlar.
Əslində, akademikin manevrindən asanlıqla görmək olur ki, o, məsuliyyəti də özünəməxsus şəkildə qavrayır. İ.Həbibbəyli Allahı vasitə edib deyir: "Allah onlara insaf versin! Onu deyə bilərəm ki, görülən hər işin konkret səbəbi və onun üçün məsuliyyət daşıyan şəxs var."
Mən sevinərdim ki, İsa müəllim Allaha pənah aparsın, vəzifələrinin mənasını başa düşən insaflı, qayğıkeş, səmimi, ədalətli, düzü düz, əyrini əyri görən bəndə olsun. Heyhat!
Məsuliyyət məsələsinə gəlincə, mən onu da, İsa müəllim, sizdə görmədim. Bilavasitə bir neçə vəzifəyə yiyələnməklə kurasiya etməyi öhdənizə götürdüyünüz Dilçilik İnstitutunda baş verən qanunsuzluqların qarşısını almaq əvəzinə, mətbuatda, televiziya efirlərində təriflər deyib, "epopeyalar" yazıb gözə kül üfürməyi daha üstün tutdunuz, ömür boyu özünütəbliğlə məşğul oldunuz. Ənamlarınıza, məqam və mənsəblərinizə qeyri-adekvat davranaraq xalqın zərrə qədər də olsun, qeydinə və qayğısına qalmadınız, yalnız özünüzü və qohum-əqrabalarınızı düşündünüz. Yazıq xalq! Halbuki vəzifə xalqı düşünmək üçündür.
Zərrə qədər Allah inancınız olsaydı, xalqın övladlarına qəlbiniz sızlayardı, Vətənin var olması və sizin həyatınız uğrunda şəhid olan və bədən üzvlərini itirən qazilərə, anaların göz yaşlarına acıyardınız, xalqa, dövlətə xidmət adı altında sahibləndiyiniz vəzifələrlə manevr etməzdiniz, vəzifəyə gəlir və kef mənbəyi kimi baxmazdınız...
Bir də ki, xristian dininə mənsub deyilik ki, sizi səhvən İsa Məsih hesab edib hava proqnozunu da sizə yönləndirək. Özünüzdən bu dərəcədə müştəbeh olmağı sizə rəva görməzdim! Vaxt var idi əlbir olub üstümə gəldiyiniz PA-nın sabiq ictimai-siyasi şöbə müdiri də sizin kimi mətbuatı və televiziya efirlərini zəbt etmişdi, qılıncının dalı da, qabağı da kəsirdi, eynən sizin kimi manevr edirdi. Deyilənə görə, siz onun "intellektual ağsaqqal"ı (?!) olmusunuz. İndi yəqin etdim.
Möhtərəm İsa Həbibbəyli! 2012-ci il 29 may Prezident Sərəncamı ilə Dilçilik İnstitutuna ayrılan və sizin rəhbərliyiniz dövründə xərclənməsi davam edən 2 milyon və son 8 ildə ayrılan yüz minlərlə manatlıq qrantlar da havanın pisləşməsi nəticəsində şiddətli küləyə məruz qaldımı? Məsuliyyətinizi yellər apardımı, İsa müəllim?!
لَا يُسْأَلُ عَمَّا يَفْعَلُ وَهُمْ يُسْأَلُونَ
"Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz, amma bütün bəndələr sorğu-sual ediləcəklər!" (Qurani-Kərim 17/23).
Allah mükafatınızı versin!
PS. İsa Hәbibbәyli 24 aprel 2013-cü il tarixdәn Azәrbaycan Milli Elmlәr Akademiyasının vitse-prezidenti vәzifәsindә çalışır və humanitar sahəni (ədəbiyyat, dilçilik, folklor, əlyazmalar, muzeylər və s.) kurasiya edir. O, həm də Dilçilik İnstitutu ilə iç-içə yerləşən Nizami adına Әdәbiyyat İnstitutunun direktorudur və həm də deputatdır və bir də akademikdir...

İdris Abbasov
filologiya elmləri doktoru, professor

Xəbər lenti