AKADEMİKLƏR İSA HƏBİBBƏYLİ VƏ MÖHSÜN NAĞISOYLUNU BAĞIŞLAMAQ OLARMI?!




Deyəcəksiniz ki, niyə məhz o ikisi? Qərəzdir. Qınamağa başqa akademik, ya məmur yoxdur?
Hə, dostlar! Nə edim ki, tale məni bu şəxslərlə qarşılaşdırıb. Tutaq ki, başqa akdemik, ya məmurla bağlı yalnız mətbuatın məlumatı əsasında nəsə deyə bilərmsə, bunlar haqqında bilavasitə şahidi olduqlarımı söyləmək iqtidarındayam. Ən effektli yol: hər kəs işlədiyi qurumdakı nöqsanları dilə gətirməli, dəstə, qrup, şəbəkə marağına xidmət etməməlidir! Dövlət əmlakını talayan müəssisə rəhbərliyi ilə əlbir olmaq kiçik cinayət deyildir!
Deməli, M.Nağısoylu işlədiyim müəssisədə direktor, İ.Həbibbəyli isə vitse-prezidentdir. İ.Həbibbəyli ilə bir-iki dəfə, M.Nağısoylu ilə dəfələrlə şəffaf iş mexanizmi barəsində danışmışam. Zərrə qədər əhəmiyyəti və təsiri olmayıb, hətta mənim də sonda onların dedikləri ilə razılaşacağımı bildiriblər, hərçənd ki, bədxah proqnozları düz çıxmayıb: "Aldat, təriflə, sök, talan et!"
Bunların təbirincə, dövlət vəsaiti ayrılıbsa, sui-istifadə etməlisən, səndən əvvəl və sənin vaxtında baş verən cinayətləri gizlətməlisən, bacardıqca dövlətdən çox qoparmalısan, "hamı oğurlayır, sən də oğurla" prinsipi ilə yaşamalısan, doktorant, dissertant əlinə düşdüsə, acımamalısan, ilkin müzakirədən müdafiəyə qədər dolaşdırıb soymalısan, dissertasiya şuralarındakı korrupsiya parniklərində becərilən rüşvətə töhfə verməlisən, seminara düşmək üçün külli miqdarda pul qoparmalısan, rəy, protokol, opponentlik kimi yüzlərlə maxinasiyalar edib rüşvətxor məmura yaxın səviyyədə özünə həyat şəraiti qurmalısan, bir sözlə, dövlət qurumundan sırf şəxsi marağın üçün istifadə etməlisən.
İsa Həbibbəyli! Bir deputat, MM-də Elm və Təhsil Komitəsinin sədri, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru olub vəzifə səlahiyyətlərindən tərsinə istifadə etdiyinizə görə sizi bağışlamaq olarmı? Niyə səsimə səs vermədiniz? Niyə Vətən elmini bu günə saldınız? Niyə dövlətin göyə sovrulan milyonlarına, elmin can verməsinə göz yumdunuz, plagiarizmə abidə qoydunuz, hətta prosesin baş iştirakçısına çevrildiniz?! Niyə islahatlara əməli dəstək ola bilmədiniz? Akademik, deputat, vitse, direktor vəzifələrini minib dövlətə faydası olmayan istiqamətlərə çapdınız. Dəhşət və təəssüf...
PS. 1. Mən isə gözləyirdim ki, dövlətdən təxminən 7700 (yeddi min yeddi yüz) manat maaş alan İsa Həbibbəyli bu dövlətin elmi, tərəqqisi üçün səmimi iş görər. Heyhat!
PS. 2. Əsl vətəndaşlar ehtiyac içində çarpışarkən vəzifəsindən sui-istifadə edib milyonları talayan "əyan-əşrəflər" harınlıq və israfçılıq içində laübalı həyat sürürlər...

İdris Abbasov
filologiya elmləri doktoru, professor

“Qaynar xətt”in ləğv olunması ilə bağlı haqlı iradımıza akademikin məntiqsiz, gülünc və sərsəm cavabına məntiqli cavabımız




Son günlər AMEA-nın Dilçilik İnstitutunda baş verən proseslər yenidən gündəmə gəlib. Belə ki, İnstitutda Prezident sərəncamı ilə yaradılan və əldə etdiyimiz məlumata görə, 20 000 AZN dövlət vəsaiti xərclənən “Qaynar xətt”ə otaq tapılmadığından avadanlıq sökülərək sadəcə çölə atılıb. Akademik Möhsün Nağısoylu və “Qaynar xətt”ə məxsul şəxs olan, hazırda isə Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzinin şöbə müdiri Şahlar Göytürk (Məmmədov) tələm-tələsik bir-birini təkzib edən müsahibələr verməklə işi bir az da dolaşığa salıblar. Məlum olub ki, “Qaynar xətt” otağı 24 saat dayanmadan işlədiyi üçün orada xüsusi avadanlıq quraşdırılıb və otağın daim işıqlandırılması üçün işıq xətləri ilə təmin edilib. Şahlar Göytürk isə özü də öz yalanına inanmayaraq bunun tezliklə aradan qaldırılacağını və “Qaynar xətt”in işə düşəcəyini öz feysbuk səhifəsində yazıb. Məlumdur ki, avadanlığı Nazirliyin bu işə məsul xüsusi qrupu quraşdırıb və onu özbaşına heç kəs yenidən başqa otaqda quraşdıra bilməz. Bunun üçün yenidən kommunikasiya xətləri çəkilməli və avadanlıq quraşdırılaraq test edilməlidir. Digər tərəfdən, həmin otaqda Prezident sərəncamına əsasən Dilçilik İnstitutunda yaradılan “Azərbaycan Dilinin İnformasiya Bazası” yerləşdirilən server də var idi. Bu avadanlığın qiyməti də 30 000 dəyərində qiymətləndirilir və “Dövlət proqramı”nın 6.4.1. Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması, 6.4.2. Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcümə, ensiklopedik və tezlik elektron lüğətlərinin hazırlanması və 6.4.3. Azərbaycan dilində internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi” bəndlərinə əsasən yaradılmışdı. Bu bazada Azərbaycan dilinin elekton lüğətlər fondu, Azərbaycan dilində minlərlə elekton kitablar və vəsaitlər saxlanılırdı. Təəssüflə qeyd olunmalıdır ki, bu baza da serverin otaqdan çıxarılaraq kənara atılması nəticəsində dağılıb. Möhsün Nağısoylu isə hələ də öz ampluasındadır. Heç bir şey olmamış kimi, otağımız yoxdur deyən akademik öz aciz görkəmi ilə sanki, mən kiməm ki? - deyir. Doğrudan da, Nəsimi adına Dilçilik İnstitutunda Kamal Abdulla “əli” gəzir elə bil. Təkcə öz qoçusu, Fövqəladə Hallar Nazirliyinin keçmiş əməkdaşı Elçin İbrahimova dörd otaq hədiyyə edən Şeyx Kamalın icazəsi olmadan burda kim nə edə bilər ki? Fövqəlnazirin keçmiş kadrı isə İnstitutun "Fövqəlişçisi" kimi təkcə Dilçilik İnstitutunda eyni zamanda iki tam ştatda işləyir. Orta tibb təhsilli həyat yoldaşına da iki ştat alan "fövqəlbəşər insan"ın Fövqəladə Hallar Nazirliyində “yağlı” tikəsini nə üçün Dilçilik İnstitutuna dəyişdiyini isə anlamaq çətin deyil. Dillər Universitetində də bir neçə vəzifə tutan "Fövqəlişçi"nin bu qədər işi necə çatdırdığını isə ancaq özü və bosu - Şeyxi bilir. Maraqlıdır ki, üç aydan bir çap olunan, əsasən Kamal Abdulla yaradıcılığına həsr olunan və cəmi 4 işçisi olan “Türkologiya” jurnalına üç otaq niyə bəs etmir? Bu qədər otağı var ikən, Elçin əfəndi həm də Türk dilləri şöbəsinin müdiri vəzifəsini və daha bir otağı zəbt edib. Hələ bu azmış kimi, Nəsimi adına Dilçilik İnstitutunda Kamal Abdullanın müridi olaraq bütün vəzifələrə də özünə yaxın adamları Möhsün Nağısoyluya yaxın gələcəyin icraçı direktoru kimi əmr edərək təyin etdirir. Heç uzağa getmək lazım deyil. Bu yaxınlarda heç vaxt monitorinq aparmayan və bu spesifik sahənin incəliklərini bilməyən türk dili üzrə mütəxəssisi, yəni öz şöbəsinin işçisi Ruslan Abdullayevi Monitorinq şöbəsinə müdir təyin etdirib. Monitorinq şöbəsinin və “kruqun” əsas fiqurlarından olan Sevinc Əliyevanın boş qalan digər yerinə - Dilçilik İnstitutunun Həmkarlar təşkilatının rəhbəri vəzifəsinə isə Türk dilləri şöbəsinin digər əməkdaşını Qətibə Mahmudovanı “seçdirib”. Görəsən, seçkili orqan olan Həmkarlar Təşkilatına yeni sədri bu pandemiya vaxtı iş olmaya-olmaya, heç bir həmkarın iştirakı olmadan kim və necə seçib? Axı neçə aydır iş yoxdur? Amma Möhsün müəllim iddia edir ki, “Qaynar xətt”ə işləməyə adam tapmır. Hələ bu harasıdır. Dilçilik İnstitutunda bütün şöbə müdirləri məhz Türk dilləri şöbəsinin işçiləridir. Məsələn, direktor müavini Baba Məhərrəmli, elmi katib Aynel Məşədiyeva, Azərbaycan dili şöbəsinin müdiri İsmayıl Kazımov, Sosiolinqvistika şöbəsinin müdiri Mayıl Əsgərov, Təhsil şöbəsinin müdiri Qətibə Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Şükürlü də bu şöbənin “şinel”indən çıxıblar. Bu isə o deməkdir ki, fövqəlnazirin keçmiş kadrı artıq Dilçilik İnstitutunda bütün mümkün kadrlarını yerləşdirib və akademik Möhsün Nağısoylunun tezliklə vəzifədən getməsini gözləyir.
Bütün bu qarışıqlıqda da Möhsün Nağısoylu işçi və otaq çatışmazlığından danışır.

Nizədar

Dilçilik İnstitutunda Prezident sərəncamı ilə yaradılan “Qaynar xətt” lazımsız bilinərək ləğv edildi...




Bu günlərdə “Xalq” qəzetində akademik Möhsün Nağısoylunun böyük bir məqaləsi nəşr olunub. “Prezidentin Azərbaycan dilinə yüksək diqqət və qayğısını ana dilimizin saflığını qorumaqla cavablandırmalıyıq”. Məqalə həqiqətən də akademik səviyyədə yazılıb və cənab prezidentin və ümummilli liderin ana dilimizə qayğısı, verdikləri sərəncam və görülməli olduğu işlər çox gözəl şəkildə sadalanır. Lap həvəsə düşdüm, dedim bir zəng edim soruşum ki, hörmətli akademik AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna gələndən sonra bu qədər iş görülübsə onda niyə bəzi ağzıgöyçəklərin gözü bunu götürmür, elə hey Kamal Abdulla akademik katib olarkən Nəsimi adına Dilçilik İnstitutuna ayrılan lakin Dilçilik İnstitutuna deyil harasa xərcləndiyi məlum olmayan iki milyondan tutub qalıblar. Axı bu iki milyon elə AMEA-nın ümumi büdcəsinə köçürülmüş və hara xərcləndiyini bir akademik Kamal Abdulla bir də Allahın özü bilir. Hər halda Nəsimi adına Dilçilik İnstitutu heç vaxt o qədər pul görməyib, əgər görsəydi heç olmasa İnstitutun qabağında qoyulan Nəsiminin heykəlini ağardardılar. Yazıq heykəl dərd çəkməkdən qapqara qaralıb. Ümumiyyətlə, işin maraqlı tərəfi odur ki, Kamal Abdulla Dilçilik İnstitutunda heç zaman olmasa da, zaman-zaman onun barmağı həmişə orada olub özü də müridlərinin dəstəyilə. İndi də onun təsir gücü bu institutda qalmaqdadır. Təbii ki, yeni müridlərinin dəstəyilə. İnstituda nə baş verirsə, dərhal Şeyx Kamalın ovucunun içində olur. O müridlər ki onlar üç il bundan öncə başqa sahədən Dilçilik İnstitutuna trasfer olunaraq artıq akademikliyə və icraçı direktorluğa doğru Şeyxlərinin dəstəyilə durmadan irəliləyirlər. Dilçilik İnstitutundan bir neçə vəzifəni zəbt etmələrinə baxmayaraq Şeyx onları rektoru olduğu Azərbaycan Dillər Universitetində daha bir müdirliklə ənamlandırmışdır. Bu müridlər akademiyanın digər institutlarında da var. Məsələn, təxminən 10 ilə institut direktoru, akademik olan Muxtar İmanov Şeyxinin rəhbəri olduğu universitetdə həm də kafedra müdiridir. İlahi bunları nəfsləri nə zaman doyar dünya malından, vəzifədən. Bu barədə daha geniş məlumat növbəti yazılarda...
Nə isə mətləbdən uzaqlaşmayıb keçək əsas məsələyə. Telefonu götürüb zəng etdim Dilçilik İnstitutunda elə Prezident sərəncamı ilə yaradılan və son illər akademik Möhsün Nağısoylunun da hər müsahibəsində qabartdığı “Qaynar xəttə”. Amma nədənsə bu məqalədə bu haqda yazılmamışdı, dedim yəqin İnstitutda başqa yeni nələrsə var, yoxsa əcəba akademik bu qədərmi qocalıb ki, bunu yaddan çıxarsın. Çünki “Dövlət proqramı”na görə edilməli olan bu qədər işdən vur-tut bir-ikisi görülmüşdü ki, onun da biri elə “Qaynar xətt” idi və insafən bu iş son illər Dilçilik İntitutunun üzünü ağardırdı. Hərdən biz də zəng edib nəyisə irad tutur, və ya öyrənirdik.
Əvvəllər bu nömrəyə nə vaxt zəng edirdim cavab verirdilər. Hətta iş vaxtı olmasa da sonra zəng edib maraqlanırdılar. Amma bu dəfə nə illah etdim telefonuma cavab verən olmadı. Sonda naəlac qalıb jurnalist dostlarımdan birinə müraciət etməli oldum. Axı biz bu nömrəyə tez-tez zəng edirdik. Aldığım cavab isə çox məyusedici oldu. Sən demə xeyli dövlət vəsaiti hesabına ərsəyə gələn və daim işləməli olan “qaynar xətt” avadanlığı “otaq olmadığından” sökülüb və anbara atılıb. Deyirlər ki, indi daha “Qaynar xətt” fəaliyyət göstərmir. Niyəsi isə budur ki, Prezidentin imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” 2013-2020-ci illəri əhatə edir. “Qaynar xətt” də yarandığı gündən ayrıca otaqda yerləşdirilə də, heç vaxt ayrıca struktur olmayıb və Monitorinq şöbəsinin daxilində fəaliyyət göstərib. “Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” yarandıqdan sonra isə otaq olmaması səbəbilə “Qaynar xətt” ləğv edilib. Amma nədənsə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin və Elm, təhsil şöbəsinin kifayət qədər otaqları var. Hətta yenicə Monitorinq şöbəsinə müdir təyin olunmuş Ruslan Abdullayev də müdir kreslosunda deyil, əvvəlki türk dili şöbəsindəki sıravi işçi stulunda qərar tutub. Səbəb isə odur ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi institutun Elm və təhsil şöbəsinin dərs otaqlarını zəbt etdiyindən onlar da Monitorinq şöbəsinin bircə otağını zəbt edərək yeni müdirin əlindən almışlar. Yeni müdir də abrına bükülərək dinməzcə sükut etmişdir, əsas odur ki hər ayın sonunda müdir maaşını alır.
Qəribə məntiq deyilmi? Heç olmasa bu bahalı avadanlığı yenicə yaradılan “Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzi”nə verəydiz, ay Möhsün müəllim. Axı, siz elə həmin mərkəzin “Müşahidə Şurası”nın sədrisiniz. Yadımdadır o vaxt hər yerdə yazırdınız ki, Dövlət Proqramına uyğun olaraq “Qaynar xətt” fəaliyyət göstərir. Budurmu sizin Prezident sərəncamına münasibətiniz? Eşitdiyimə görə, orada quraşdırılan avadanlığın qiyməti on min manatlarla ölçülür. Doğrudanmı “Qaynar xətt”in otağı əlindən alınıb və ora bağlanıb? Axı “Qaynar xətt” dövlət dilinin təmizliyinin qorunması istiqamətində atılmış ən vacib məsələlərdən biri idi. “Dövlət Proqramın”ın 6.1.5. bəndində bu barədə yazılır: “Azərbaycan dilinin dövlət dili kimi inkişafında və dilin təmizliyinin qorunmasında, eləcə də ədəbi dilin normalarına əməl olunmamasının, reklamlarda, ictimai iaşə obyektlərində Azərbaycan dilinin leksik və qrammatik qaydalarının pozulmasının qarşısının alınmasında ictimaiyyətin iştirakının təmin edilməsi və operativ tədbirlər görülməsi məqsədilə qaynar xəttin yaradılsın”. İndi belə çıxır ki, “Qaynar xətt” lazım deyilmiş. Bəs lazım deyildisə, niyə dövlət buna bu qədər xərc çəkir, onun üçün ayrıca otaq ayrılırdı? Hər halda maraqlı məsələdir, araşdırmaq lazımdır. Görünür, bəziləri “Prezidentin Azərbaycan dilinə yüksək diqqət və qayğısını ana dilimizin saflığını qorumaqla cavablandırmalıyıq” desələr də, əməldə bunun əksini edirlər. Hər halda bunu başqa cür izah etmək də olmur.

Nizədar

ELMLƏR AKADEMİYASINA DÖVLƏT BÜDCƏSİNDƏN AYIRMALAR DƏRHAL DAYANDIRILMALIDIR




Qurumun idarəçiliyində, əsasən, qanunu və məsuliyyəti vecinə almayan, maddi cəhətdən geniş imkanlara sahib təqaüdçülər təmsil olunduğundan 50 milyonlarla, 100 milyonlarla dövlət vəsaitinin boşa getməsi nəinki adi bir hal kimi qarşılanır, hələ əlavə vəzifələr də təsis olunur.
Sizdən soruşuram, ey akademik-alimlər! Elm müəssisəsində "baş direktor", "icraçı direktor" nədir? Niyə heç biriniz səsinizi çıxarmırsınız? Axı dövlətə, xalqa qarşı bu dərəcədə biganə qalmaq olmaz. Siz həmişə belə edirsiniz. Təssüf ki, dövlət və qanunlar sizə qarşı adekvat davranmır. Azərbaycanın dünya miqyasında haqlı yerini müəyyənləşdirən Vətən müharibəsindən, minlərlə ləyaqətli övladlarını şəhid verməsindən sonra sizin bu məsuliyyətsiz davranışlarınıza qarşı humanistlik daha humanistlik sayıla bilməz.
Ey AMEA-nın Rəyasət Heyətinin üzvləri! İki nəfər "birinci vitse-prezident" vəsifəsi təsis edildi, yekdilliklə "hə" dediniz, gurultulu təriflərlə yola verdiniz. Bir il keçdi, həmin vəzifə ləğv olundu, yenə də yekdilliklə "hə" dediniz, ziyanlı olduğunu aləmə car çəkdiniz. Ondan əvvəl "AMEA professoru" adı təsis edildi, hamılıqla "hə" dediniz, təriflər söylədiniz, elmin inkişaf mərhələsində "əsl kəşf" adlandırdınız və 25 nəfərə dövlətin gerbi əks olunmuş rəsmi sənəd - diplom verdiniz, fəqət iki ildən sonra "qanunsuzdur" deyilib ləğv etdiniz, yenə də hamılıqla qərara "hə" dediniz, zərərindən, qanuna zidd olmasından danışdınız. İndi də institutlarda "baş direktor" və "icraçı direktor" vəzifələrinin olmasına hamılıqla "hə" dediniz... Bir dəfə də olsun, qanunsuz qərarlara "yox" demədiniz. Deyəsən, hər ay əlavə olaraq aldığınız 2000 manat akademiklik təqaüdü, əlavə nüfuz və səlahiyyətlər qanunsuzluqlara "yox" deməyi də leksikonunuzdan birdəfəlik çıxarıb.
Axı qanunlara qəşş edən, qanunsuz, dövlətin maraqlarına zidd qərarlara "hə" deyib, büdcə vəsaitlərinin göyə sovrulmasını təmin edən Rəyasət Heyətini saxlamaq bu dövlətin, xalqın, elmin, idarəçiliyin nəyinə lazımdır? Belə qurumlara dövlətin pul ayırması israfçılıqdan başqa bir şey deyildir.
Qanunsuzluqlara "hə" deyən Rəyasət Heyətini saxlamağın mənası varmı?!
Veclərinə almır və düşünürlər ki, zərbə onlara deyil, dövlətə dəyir.
Bəli, cənablar, ziyanı ilk növbədə dövlət çəkir.
Amma unutmayın ki, dövlət büdcəsini çökdürmək hesabına nə qədər pul, varidat yığsanız da, bir xalq, millət kimi aqibətiniz pis olacaq və yığdıqlarınız özünüzə qismət olmayacaq. Çünki xalqın haqqı ilə yoğrulmuş dövlət büdcəsini cibinə yığıb "milyonçu"ya çevrilən alim-akademikin, məmurun və istənilən vətəndaşın nə özü, nə əhli-əyalı, nə də mənsub olduğu xalq güclü və xoşbəxt ola bilib. Dəqiqləşdirmək üçün dünya tarixinə nəzər salın, bəlkə ibrət alasınız!
İndi də "baş direktor", "icraçı direktor"?!
Əslində, real şəraitdə elmi-tədqiqat institutuna, ümumiyyətlə, heç bir direktor lazım deyil. Bunu mən işin içində olan biri kimi deyirəm. Guya direktor oturub canına qulluq etməsə, əsəbini qorumasa, düyməni basıb mürəbbəli çay sifariş etməsə, qrantlar yeməsə, mən tədqiqat apara bilməyəcəyəm?! Əksinə, onlar sanballı iş görülməsinə mane olurlar. İntriqalar, dövlət büdcəsini talamalar, plagiatlığı stimullaşdırmalar, dövlətin elm potensialını zəiflətmələr məhz onların sayəsində reallaşıb.
Özümdən bir misal gətirim. Məgər son 6 ildə mən 2 fundamental elmi-tədqiqat əsərini ərsəyə gətirəndə başları pul mənimsəmələrinə qarışmış "birinci vitse-prezident", "direktor", "akademkik" (indi də "icraçı direktor", "baş direktor") və digərləri lazım idi? Əksinə, onlara uysaydım, vallah, akademiklərin rəhbərliyi ilə edildiyi kimi yalnız plagiat əsər ortaya qoyar, gözə kül üfürüb dövlət vəsaitini mənimsəyər, gurultulu təqdimatlarla yediyim milyonları ört-basdır etməyə çalışardım.
Adı dəyişdirilib "baş" və "icraçı" qoyulan direktor instituta ayrılmış milyonlarla vəsaitin göyə sovrulmasınımı araşdıracaq? Təbii ki, yox! Ayrıca Dilçilik İnstitutuna birdəfəlik ayrılan 2 000 000 (iki milyon) vəsaitin taleyi ilə maraqlanan hələ ki yoxdur. Mənimsənilən 100 minlərlə qrantları hələ demirəm. İsa Həbibbəyli adi "vitse" olanda da, "I vitse" olanda da müraciət etdim, cavab çıxmadı. Ramiz Mehdiyevin vaxtında dəfələrlə yazıb deyirəm, nəticə yoxdur.
Öz qanı, canı ilə qəhrəmanlıq salnaməsi yazmış xalqın, dövlətin elm potensialını əmək qabiliyyəti və mütərəqqi fikir istehsalı tükənmiş, dövlət büdcəsinin köksündə kök salmış təqaüdçü akdemik-alimlərə tapşırmaq bir başqa fəlakətin başlanğıcıdır!

İdris Abbasov
filologiya elmləri doktoru, professor

Professor deputat Siyavuş Novruzova ibrət dərsi keçdi...




Deputat Siyavuş Novruzovun “Tələbələr təhsil haqqını ödəyə bilmirlərsə, dərsdən sonra gedib işləsinlər” tövsiyəsi reallığa ziddir. Ölkəmiz 20-25 il bundan əvvəlki ölkə deyil.
Bəli, 90-cı illərdə mən də tələbə olmuşam. Həmin vaxt ölkə ağır sosial-iqtisadi və siyasi böhran keçirirdi. Yavan çörəklə keçindiyimiz günlər az olmayıb. İşləmişik, yüklənmişik, xəstələnib həftələrlə yerdə qalmışıq və s.
Tələbənin çörək dalınca qaçması keyfiyyətsiz təhsil deməkdir, Siyavuş müəllim. Siz elə bilirsiniz ki, biz keyfiyyətli təhsil almışıq? Keyfiyyətli təhsil alsaydıq, milyonçu ölkənin dilənçi vətəndaşları olardıqmı?! Yaltaqlıq, yalaqlıq, ikiüzlülük, cibgirlik, rüşvətxorluq, korrupsiya, mənəviyyatsızlığa boyun əyərdikmi?!
Tələbə olanda elmin, təhsilin sirləri haqqında düşünmək əvəzinə, qarnımızı düşünmüşüksə, vay bizim halımıza! İçərimizdən "çeviklər" çıxıbsa, onlar da əsl elm adamı olmaq əvəzinə, həddən ziyadə mənəviyyatsızlaşmış, şəxsi marağını güdən görməmiş alim, professor, akademikə çevrilmiş, dövlət büdcəsinə daraşmışlar.
İlk növbədə, sərt qanundan əlavə, normal təhsil, tərbiyə, ədalət, düzlük, mərhəmətə söykənən prinsiplər qorunsaydı, bunlar belə edərdilərmi?! İndi onları büdcədən qoparmaq üçün ümid yalnız qanunun gücünə qalıb!
PS. Bu xalqın anaları Vətən uğrunda, Dövlət naminə həyata yenicə atılmış minlərələ cavan balalarını şəhid verdilər. Sizin məntiqinizlə indi də analar Vətən üçün min əzabla böyütdükləri övladlarını candan əziz olan Vətənin, Dövlətin büdcəsini talayan, milyonlara sahib müftəxor məmurlara, özünə mülklər salmış, övladını xaricdə ən bahalı ali məktəblərdə oxudan deputatlara, tüfeyli və korrupsioner rektorlara, akademiklərə və bu qəbildən olan digərlərinə qurban etməlidirlərmi?!
Əcəb məntiqdir: Sərvəti aşıb-daşan ölkənin tələbəsi daş daşısın, rektoru milyarda sahib olsun, dövlət büdcəsini dağıtsın. "ABŞ-da, Fransada və s. tələbə həm oxuyur, həm də işləyir" məntiqini kor-koranə Azərbaycana şamil etmək vaxtilə "karyerdə daş atıb, 10 manat almaq" məntiqinizin mənəvi-psixoloji fəsadıdır. Keçmiş olsun!
Dövlət, Vətən, xalq naminə daş da daşıyarıq, qab da yuyarıq, ölümə də gedərik. Amma dövləti talayan o nadürüstlərin naminə yox!


İdris Abbasov

Gözə kül üfürən "Akademiklər"...




AMEA-nın vitse-prezidenti, eyni qurumun Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı İsa Həbibbəyli birmənalı olaraq AMEA-nın prezidenti Ramiz Mehdiyevin "sağ əli"dir. Görünən odur ki, Həbibbəylinin əldə saxladığı bir neçə vəzifəsi müdafiə barrikadasını möhkəmləndirməyə imkan verir.
Aşağıdakı yazıda guya Mehdiyevin iradəsinin ziddinə gedən İşa Həbibbəyli cəzalandırılıb. Situasiyaya bələd olan şəxslər bunu yumorla qarşılayırlar. Nə dəyişib ki?!
AMEA-ya ayrılan və yeyilən milyonlarla manatın taleyinə biganə qalan İsa Həbibbəyli bu qədər mənimsəmələrin iradəsi əleyhinə, dövlətin mənafeyi üçün səsini çıxardımı? Əsla! Əksinə, akademiyaya qədəm qoyduğu gündən ört-basdır əməliyyatı ilə məşğul olub nöqsanları açıqlayanları təqib edir. Dilçilik İnstitutundakı "canişin"i Möhsün Nağısoylu və "qoluzorlular" vasitəsilə bu əməliyyatı "uğurla" həyata keçirir...
Mən hələ təkcə Dilçilik İnstitutuna ayrılan 2 milyon manatın, yaxud son 10 ayda AMEA-da kitab çapı üçün ayrılan 1 milyon 322 min manatın və yaxud Ədəbiyyat Muzeyinə 40 000 manata çılçıraq alınmasını demirəm. Düzdür, İsa Həbibbəylinin dövlətin resursları hesabına ətrafına yığıb şəxsi mənafeyinə xidmət etdirdiyi adamları az deyil, amma bu, həqiqətin mahiyyətini dəyişmir.
Onsuz da İ.Həbibbəyli əzəldən "vitse" idi və indi də "vitse" olaraq qalır, üstəlik, direktor və deputatdır.
Dəyişən nəlbəkidəki fırtınanın qütblərə görə yerdəyişməsidir, vəssalam. Məsələn, media yazır:
"...İsa Həbibbəylinin yerdəyişməsi Ramiz Mehdiyevin nəvəsinin toyuna getməməsi ilə əlaqələndirilsə də, AMEA-dakı mənbə bildirib ki, bu “səsvermə” və təyinat cəza tədbiridir. Ramiz Mehdiyev birdən birə akademikləri vurub kənara ata bilmədiyi üçün onları öz ətrafından kənarlaşdırmaqla cəzalandırıb".
"AMEA-dakı mənbə" də özləri deyilmi?!


İdris Abbasov
filologiya elmləri doktoru, professor

Asan xidmətin çətin işləri




Əvvəllər evə enerji xətti çəkdirmək üçün enerji idarəsinə ərizə ilə müraciət etmək kifayət edirdi.
Lakin bizim ölkədə dünyada "analoqu olmayan" Asan xidmət yaradılandan sonra elə bildik ki, işimiz daha da asanlaşacaq. Evimə elektrik enerjisi çəkdirmək üçün mütləq asan xidmətə müraciət etməliyik. Odur ki, iki dəfə Tovuz rayonunda yerləşən asan xidmətə getmək məcburiyyətində oldum. Bir parça kağız verdilər ki, gəlib evinə baxacaqlar yenidən gəlib asan xidmətə 175 manat pul ödəməlisən. İndi fikir verin 3 defe Tovuza gedib 175 manat ödəmək asandı, yoxsa elektrik enerjisi idarəsinə adi bir ərizə ünvanlayıb işini həll etmək?! Məncə Asan xidmət işimizi bir az da çətinləşdirib müşkülə salır. Bu barədə mütləq düşünülməlidir.
(Əlaqə telefonu 050-376-68-19)

Vəkil Rüstəm

İldırımsürətli "akademiklərimiz"...



Eyni zamanda ən müxtəlif rəhbər vəzifələrdə - rektor, uzun müddətli deputat, kafedra müdiri, direktor və digər vəzifələrdə çalışmaqla 1790-a yaxın (!!!) ELMİ əsərin müəllifi olan akademik İsa Həbibbəyli eyni zamanda 29 elmlər namizədi və 4 elmlər doktoru yetişdirib. Eynən onun müxtəlif vəzifələrdə çalışan kimyagər həmkarı akademik Abel Məhərrəmov isə 2000-dən (iki min!!!) artıq ELMİ əsərin müəllifi olmaqla bərabər, 41 elmlər namizədi, 12 elmlər doktoru yetişdirib. Ginnesin rekordlar kitabına əl gəzdirmək lazımdır!
PS. Aa, unutmuşdum az qala. Cənablar birbaşa, yaxud dolayısı ilə həm də bizneslə məşğul olublar. Hətta beynəlxalq elm bazarını "qiymətli" məhsullarla təmin ediblər.
Məsələn, təkcə Abel Məhərrəmov xarici bazara 625 adda elm məhsulu çıxarmışdır ki, bu da dünyanın elmə olan tələbatının neçəsə faizi edir! Onunla müqayisədə həmkarı İsa Həbibbəyli geridədir, cəmi 212 adda "məhsul"!
Mən təklif edərdim ki, beynəlxalq ekspertlər dəvət olunsun, fövqəlbəşər gücə, enerjiyə və görünməmiş məhsuldarlığa və misilsiz isteda malik hər iki şəxsin fiziki və zehni xüsusiyyələrinin strukturu tədqiq edilsin. Bu, elm tarixində əsl kəşf olardı! Nobel mükafatı arzu edənlər buyursunlar.
Amma bir xahişim var müətəxəssislərdən: o əsərləri təftiş etməsinlər! Balam, sayı ortadadır da. O boyda akademiklərimiz heç yalan danışarlar?!

İdris Abbasov
filologiya elmləri doktoru, professor




Professor: Azərbaycan dilçiliyində hadisə sayılan əsər haqqında AMEA niyə susdu...



AMEA Humanitar və İctimai Elmlər Bölməsi mətbuat xidmətinin yazımla bağlı məlumatına (05.01.2021) cavab olaraq bildirirəm ki, mən “Akademik-məmurlar vəzifəni mədhiyyələr deyib gizli fəaliyyətlərini gizlətməyə çalışmaq kimi dərk edirlər” adlı yazımı Bizimyol.info saytına vermiş və feysbuk səhifəmdə yerləşdirmişəm. Sözügedən saytda yazdıqlarım həqiqəti əks etdirir (Bizimyol.info, 23 dekabr, 2020 [10:54>).
Bundan başqa, emi mühitə təsirsiz ötüşməyən ictimai-siyasi məsələlərlə, xüsusən AMEA-nın Dilçilik İnstitutundakı ciddi nöqsanlarla, həmçinin PA-nın sabiq şöbə müdiri Əli Həsənov, sabiq rektor-akademik Abel Məhərrəmov, İsa Həbibbəyli və digərlərinin “xidmətləri” ilə bağlı silsilə yazılar yazmış, faktlara istinad etmişəm. Akademikləri faktlar ətrafında açıq debata da çağırmışam. Məqsəd ümumi maraqların şəxsi maraqlardan üstün tutulmasıdır.
2020-ci ildə orijinaldan yerinə yetirdiyimiz italyan aristokrat Pietro della Vallenin “Türk dilinin qrammatikası”nın tərcümə, tədqiq və şərhi” (Azərbaycan dilinin orijinal qrammatikası) monoqrafiyası (Bakı: Zərdabi Nəşr MMC, – 2020. – 1096 səh.) Azərbaycan dilçiliyində ilk olan dahi Mirzə Kazımbəyin Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi (Azərbaycan dilinin ilk elmi qrammatikası) monoqrafiyasından sonra ikinci böyük əsərdir (Bakı: Zərdabi Nəşr MMC, – 2017. – 1007 səh.).
400 ildən sonra tədqiqat mahiyyətli müfəssəl şərhlərlə italyan dilindən Azərbaycan dilinə tərcümə edilən bu qiymətli əlyazma Azərbaycan dilçiliyinə və dünya şərqşünaslığına dəyərli töhfədir. Kitabla tanışlıqdan sonra XVI-XVII əsrlərdə Azərbaycan dilinin Səfəvilər İmperiyasında üstün mövqeyinin, bu dilin Orta Asiya, Qafqaz və Yaxın Şərqdə zəruri beynəlxalq ünsiyyət vasitəsi olmasının şahidi oluruq. Monoqrafiya zəngin linqvistik-filoloji və tarixi faktları ehtiva edir. Hər iki monoqrafiya Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın tələblərinə tam cavab verir, hətta elmi miqyasına görə bir institutun görə biləcəyi işdir! Belə olan halda AMEA rəhbərliyinin etinasız davranışlarını milli dəyərlərimizə ehtiram kimi qəbul etməliyikmi?!
Möhtərəm akademiklər! Yazımda qaldırdığım bir sıra aktual problemlərdən sizi ən çox cəlb edən, deyəsən, ekzotik görünən italyanlarla görüşünüz olub. Digər ümumi problemlərlə müqayisədə çox kiçik görünsə də, bu məsələ üzərində azacıq dayanmağa məcburam.
Deyirsiniz ki, AMEA-da İtaliya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüş humanitar elmlərə aid deyil və “müzakirələrdə İtaliya tərəfindən nümayəndə heyətinə rəhbərlik edən rəsmi şəxsdən başqa, biologiya elmləri üzrə alimlər iştirak etmişlər” və bu səbəbdən də, Azərbaycan – İtaliya dostluğuna qiymətli töhfə olan (bunu Milan Universitetinin professoru doktor Bruni Osimo kitaba verdiyi rəydə yazıb) italyan aristokratın italyan dilində 400 il əvvəl qələmə aldığı “Azərbaycan dilinin orijinal qarammatikası”dan bir kəlmə demək olmazmış. Bu məntiqinizlə mərasimi ictimai elmlər üzrə akademik olan Ramiz Mehdiyev deyil, təbiət elmləri üzrə bir alim idarə etməliymiş və tədbirdə ədəbiyyat üzrə akademik İsa Həbibbəylinin əvəzinə fizik və ya botanik olmalıymış. Belə çıxır ki, R.Mehdiyev yalnız biologiyadan danışırmış?! Halbuki yazırsınız: “...akademik Ramiz Mehdiyev bu gün Azərbaycanla İtaliya arasında iqtisadi, siyasi, sosial, humanitar, elm, təhsil, mədəniyyət sahələrində güclü tərəfdaşlıq münasibətlərinin olduğunu və hər keçən gün daha da dərinləşdiyini söyləyib”.
Xəbərdə deyilir ki, R.Mehdiyev Bakıda yaradılacaq İtaliya-Azərbaycan Universitetində fəaliyyət göstərəcək fakültələrin müəyyənləşdirildiyini də deyib. Sonda tərəflər qarşılıqlı hədiyyələr təqdim ediblər (science.gov.az)...
İnanın ki, çap olunması italyan aristokratın əbədi arzusuna çevrilmiş və heç vaxt nəşr olunmamış, nəhayət, 400 ildən sonra azərbaycanlı alimlərin gərgin əməyi sayəsində canlandırlan və Azərbaycan – İtaliya dostluğuna ithaf olunan bu möhtəşəm tarixi abidəni hədiyyə etsəydiniz, qonaqlar heyrətlərini gizlədə bilməyəcəkdilər. Düzü, sizin milli-mənəvi dəyərlərimizə belə “həssaslığınızı” anlaya bilmirəm. Etməmisinizsə, yaxşı etmisiniz. Onsuz da məqsədiniz Vətən elmi üçün iş görənləri həvəsdən salmaq, onların haqqını verməmək, özünüzə kölə etmək, elmsizləşdirməyə xidmət edən məddahları mükafatlandırmaq və bununıa da, dövlətin elm siyasətinə və potensialına zərbə vurmaqdır. Bütün bunlar göz qabağındadır! Amma bu biganəliyin üstündən sükutla keçmək bizlim öhdəliyimiz olmamış və olmayacaqdır. Gəlin, italyan qonaqlarla görüşünüzü qoyaq bir tərəfə!
Sözügedən kitab 01 avqust 2020-ci ildə işıq üzü görüb. Azərtac və digər mətbuat orqanları məlumatı yayıb, hətta dilçi-alimlərin monoqrafiyaya yazdığı ön söz də mediada işıqlandırılıb. Lakin AMEA-dan heç bir reaksiya olmayıb. İndi mənə cavab verdiyiniz səviyyədə də reaksiya verməyə həvəsiniz olmayıb. Sual olunur: Niyə Azərbaycan dilçiliyində hadisə sayılan və indiyədək heç birinizin bu şəkildə yerinə yetirmək iqtidarında olmadığınız əsər haqqında Akademiyanın və İnstitutun saytında bir kəlmə də olsun, məlumat vermədiniz?! Dediyiniz kimi, ərizə ilə müraciət etməliydikmi?! Görəcəklərimiz var imiş. Kiçik bir feysbuk statusumdan dərhal xəbər tutduğunuz halda, necə ola bilər ki, medianın yaydığı bu mühüm hadisədən xəbəriniz olmayıb?! Mən sizin elmə, milli-mənəvi dəyərlərimizə laqeydliyiniz haqqında kifayət qədər yazmışam və milli abidələrimizə münasibətiniz bəllidir.
İsa Həbibbəyli! Baş redaktoru olduğunuz və plagiat çıxmış “İzahlı dilçilik terminləri lüğəti”nin adını nə tez unutdunuz? (Köçürdüyünüz və vaxtı keçmiş misallardan bir Leninizm dastanı yaratmaq olar!). Tərtəmiz primitiv oğurluq olduğu isbat edilən kitabın adını niyə “İzahlı terminlər lüğəti” yazırsınız? Deyirsiniz ki, bəzi plagiat hissələri çıxarıb yenidən nəşr etmisiniz. Hətta izi azdırmaq və ictimaiyyəti çaşdırmaq üçün belə bir absurd fərziyyə irəli sürürsünüz ki, “lüğətlərə daxil edilmiş sözlər hər hansı bir müəllifə, tərtibçiyə deyil, xalqa məxsusdur”.
Möhtərəm akademiklər, doğrudanmı, siz belə düşünürsünüz? Dilçilik terminləri bəlkə, sizin təbirinizcə, folklor nümunələridir, dodaqdəyməz, dildönməz, ya harillidir?! Siz nə danışırsınız?! Qoşma, təcniz, mədhiyyə, fəxriyyə deyil, heç ikidilli, üçdilli lüğət də deyil. Söhbət izahlı dilçilik terminlərindən gedir, möhtərəm İsa Həbibbəyli və onun kimi düşünənlər! O terminləri xalq yox, alimlər, mütəxəssislər yaradır. Koqnisiya, valentlik, paradiqmatika, geştalt və minlərlə terminlər. Müxtəlif dilçilər onları fərqli şəkildə izah edə bilərlər, bəzi istisnalarla fərqli nümunələr verilməsi mütləqdir. Amma sizin seçdiyiniz “kəs-yapışdır” üsulu qəddar və acımasız oğurluqdur, özü də günün günorta çağı. “Xalqa məxsus” dediyiniz lüğət bambaşqadır. Tutaq ki, Azərbaycanca-ispanca lüğət tərtib edirik. Əlbəttə, burada, əsasən, ədəbi dildə işlənən sözlərdən bəhs olunacaq və həmin ümumişlək sözlərin xalq tərəfindən yaradıldığını deyə bilərik. Amma bu qəbildən olan lüğətlərdə də bir çox hallarda sinonimik fərqlər və özəlliklər çox olur.
Məsələn: meşə – bosque; qoyun – carnero; eşşək – burro; tülkü – zorro və s. Bu, sadə cib lüğətidir, amma daha böyük lüğətlərdə tamam fərqli mənzərələr müşahidə olunur. Bu haqda geniş mühazirə oxumaq olar. Biri sinonimləri yazır, digəri az və ya çox sinonim göstərir, bir başqası antonimləri də qeyd edir, həmin sözlə bağlı frazelogiya yazır və s. Elementar fərqi ayırd edə bilmədiyinizə heyranam! Ona görə siz də yaxşı bilirsiniz ki, baş redaktoru olub dövlət büdcəsi hesabına nəşr etdirdiyiniz “İzahlı dilçilik terminləri lüğəti” ağappaq köçürmə – plagiatdır.
Plagiat əsərin cəmi yüz ədəd tirajla çap olunduğunu və kitab üçün 1200 (min iki yüz) manat maliyyə vəsaiti ödənildiyini deyirsiniz. Cənabi-məhtərəmlər! Siz səhvmi edirsiniz, yoxsa bilərəkdən aldadırsınız? Göz görə-görə aldatmağa cəhd etməniz sizin xafrakterinizi müəyyənləşdirir. İsa müəllim, buyurun, baş redaktoru olduğunuz kitabda qeyd etdiyiniz fakta bir də baxın: tirajı 200 nüsxə. Sifariş №3, qiyməti müqavilə ilədir. İndi sizin həqiqətinizə necə inanaq? Faktı, kitabda həkk edib təriflədiklərinizi belə inkar edirsinizsə, görün, azacıq həqiqət payı olan şeyi nə tövr edərsiniz?!
Dövlət büdcəsindən xərclənən vəsaitlərə gəlincə, bu qəbildən olan bir çox nəşrlərə nə qədər maliyyə sərf etdiyinizi aidiyyatı dövlət orqanları və Hesablama Palatası dəqiqləşdirə bilər. Bu, aysberqin yalnız görünən hissəsidir.
Görkəmli şərqşünas alim Mirzə Kazım bəyin “Qrammatika” kitabının tərcümə, tədqiqat və şərhinə gəlincə, İsa Həbibbəyli, sizin və bütün Rəyasət Heyəti üzvlərinin də iştirak etdiyi illik hesabatdakı sizi narahat edən çıxışımda (7 fevral 2018-ci il) məzkur kitabın çap olunmasını sizlərdən xahiş etdim. Orfoqrafiya müzakirələri ilə eyni vaxta təsadüf etdiyindən və tərəfinizdən gərəksiz hərf dəyişikliyinə qarşı etirazıma görə üzərimə hücuma keçdiniz. Hətta kimlərlə əlbir oldunuz, kimlərə tapşırıqlar verdiniz, onları da, deməyə ehtiyac olsa, deyəcəyəm.
İsa Həbibbəyli! Siz əməyimi yalnız öz xeyrinizə faydalandınız. Dəstə maraqlarına boyun əymədiyimdən ailə və uşaqlarımın maddi sıxıntı içərisindədə qalmağına səbəb oldunuz, xüsusən siz, sizin vəzifəyə yerləşdirib akademik etdiyiniz Möhsün Nağısoylu, başqa akademik həmkarlarınız və sizi yuxarıdan himayə edən alim-məmurlar (Şükürlər olsun ki, bir neçə fəalını ölkə başçısı vəzifəsindən uzaqlaşdırıb!).
Bilirəm, siz məni dərk edə bilməzsiniz, çünki siz şöhrət ardınca qaçırsınız, pullar töküb özünüzə əsər, kitab yazdırırsınız, ətək-ətək pul xərcləyib xarici dillərə tərcümə etdirirsiniz. Halbuki 1790 əsər müəllifi kimi özünüz də gözəl bilirsiniz ki, o əsərlər özünüzdən başqa, heç kəsə lazım deyil. Sadəcə, daxili auditoriyanı ovsunlamağa hesablanmış, canımızdan-qanımızdan gedən əmtəə itkisidir. Əlbəttə, ziyan yenə də Azərbaycan dövlətinə və xalqına dəyir. Mən şöhrət, vəzifə, çirkli pullar deyil, çəkdiyim zəhmətin haqqını tələb edirəm. Əsər yazmaq bəhanəsilə dövlətdən alınan qrantlar, büdcədən plagiat əsərlərə xərclənən pullar, Dilçilik İnstitutunun maddi-texniki bazasını möhkəmləndirmək üçün ayrılmış 2 000 000 (iki milyon) ABŞ dollarına ekvivalent vəsaitin taleyi ilə niyə maraqlanmırsınız, AMEA-nın prezidenti Ramiz Mehdiyev və vitse-prezidenti İsa Həbibbəyli?!
Mən ümumidən danışdıqca siz məsələni fərdi müstəviyə sürüyürsünüz: “İsa Həbibbəyli İdris Abbasovu təriflədi, İsa Həbibbəyli İdris Abbasov şöbə müdiri seçiləndə onun haqqında yaxşı sözlər söylədi”, “22 dekabr 2020-ci ildə akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilmiş iclasda Nəsimi adına Dilçilik İnstitutunun təqdimatı əsasında İdris Abbasovun növbəti dəfə “Ümumi dilçilik” şöbəsinin müdiri vəzifəsinə seçilməsi məsələsi müzakirə olunarkən yenə də onun haqqında müsbət fikirlər deyilmiş və Elmi şuranın bütün üzvləri ona yekdilliklə, yüz faiz səs vermişlər”.
Bu nə minnətdir? Bu nə təfəkkür tərzidir? Dünyaya mədəniyyət bəxş etmiş Nizami, Füzuli, Nəsimi çeşməsindən su içən xalqın normal alimi belə təfəkkürə sahib ola bilərmi?! Məni şöbə müdiri seçmisinizsə, vətəndaşlıq mövqeyimi sizə satmalı və sizinlə xoşagəlməz işlərdə əlbir olmalıyam?! Yoxsa Akademiyanı da şəxsi düşüncələrinizlə idarə olunan şəxsi mülklərinizdən biri hesab edirsiniz?!
P.S. Həqiqətlərin cüzi bir qismi dil açıb danışdığı və ictimaiyyətin gözünün gördüyü və ağlının kəsdiyi halda, bütün nöqsanları, ədalətsizlikləri ört-basdır etməyə çalışmaqla süni narazılıq amillərinin yaradılması nə dövlətə, nə xalqa, nə də dövlət başçısına gərək deyil!

İdris Abbasov
filologiya elmləri doktoru, professor

Xəbər lenti