ÖZLƏRİNİN SANKİ XÜSUSİ QANUNVERİCİ ORQANLARI VAR




Şəxsi düşüncələrinə əsaslanaraq qanunyaratma təkcə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində baş vermir. Bu hal Ali Attestasia Komissiyasının Rəyasət Heyətində daha “taktik”dir. (Komissiyanın tətbiq etdiyi qeyri-qanuni "taktikalar"ı, adətən, düşmənə qarşı edirlər). Bundan məqsəd vətəndaşları mənəvi-psixoloji cəhətdən yorub dövlətdən və ilk növbədə ölkə başçısından narazı salmaqdır. Bunun başqa adı yoxdur.
AAK SƏDRİ FAMİL MUSTAFAYEVİN DƏ DAXİL OLDUĞU AKADEMİK ŞƏBƏKƏNİN SANKİ XÜSUSİ QANUNVERİCİ ORQANI VAR.
Xatırladım ki, Famil Mustafayevin AAK-a sədr gəldikdən sonra qanunsuz əməlindən əl çəkməməsi 50-yə yaxın doktorant və dissertantın ölkə başçısına müraciəti ilə nəticələnmişdir. Bundan sonra da o, qeyri-qanuni əməlində korrektə etməmiş, əksinə, daha da rüsvayçı addım ataraq məlum 4 bəndlik qərarın (13 dekabr 2019-cu il) ilk iki bəndini dəyişib növbəti iki bəndini olduğu kimi saxlamış, qanunu tələb edən doktorantlar arasında ikitirəlik yaratmağa çalışmışdır. Necə deyərlər, qaş düzəltdiyi yerdə vurub gözünü də çıxarmışdır.
Ali Attestasiya Komissiyası "lehinə-əleyhinə" taktikasına sadiqdir. Bu gün qərar çıxarıb lehinə səs verdiyi qərarın sabah əleyhinə səs verib qeyri-qanuni sayan AAK-ın birisi gün nə edəcəyini Allah bilir. Əlbəttə, dəyən ona və onun kimi ortada yeyib qıraqda gəzən vəzifə adamlarına yox, Azərbaycan dövlətinə, xalqına və rəhbərinə dəyir.
Yaxınları səngərdə düşmənlə döyüşdüyü bir vaxtda AAK həmin döyüşçülərin qanunu tələb edən, haqlarını istəyən yaxınları ilə – potensial əsgər anaları ilə "döyüşür". Qürurvericidir, deyilmi?! Heyhat!
Söhbət AAK sədrinin qanunsuz əməllərindən, işbilməməzliyindən və özbaşınalığından gedir. Adam Konstitusiyanın maddəsini öz şəxsi düşüncəsinə görə pozur, Azərbycan Konstitusiyasının müvafiq maddəsinin ziddinə qanunsuz qərar çıxarır, bir müddət sonra həmin qərarın bir hissəsini öz şəxsi zövqünə uyğun dəyişib bir hissəsini saxlayır - eynən AMEA Rəyasət Heyətinin etdiyi və ya onun etdiyinin bənzəri kimi edir.
AAK-dakı, onun Rəyasət Heyətindəki və ekspert şuralarındakı qanunsuzluqlardan, özbaşınalıqlardan, Famil Mustafayevin işbilməzliyindən çox yazılıb. Dərd burasıdır ki, AAK sədri özbaşınalıqların baş alıb getdiyi dissertasiya şuralarında intizam yaratmaq əvəzinə, həmin şuralardan öz qanunsuz hərəkətlərinə dəstək ummaq həvəsilə fəaliyyət göstərir.
P.S. Xatırladım ki, F.Mustafayevin səhv və qanunsuz qərarının qurbanlarından birinə çevrilmiş, həyat yoldaşı Hadrut uğrunda gedən döyüşlərdə yaralanmış xanım dissertant seçdiyi elm sahəsindən savayı, Konstitusiya və qanunları Famil Mustafayevdən daha yaxşı analiz etmək qabiliyyətinə sahibdir. Belə layiqli Vətən övladlarını tam haqsız olaraq bezikdirib narazı salmağa çalışanların nəinki vəzifə tutmağa, həmçinin özlərinin və cəmiyyətə xeyri olmayan övladlarının Vətənin naz-nemətlərini inhisara alıb lüks şəraitlərdə yaşamağa, bahalı avtomobillərdə saga-sola çapmağa, xalqa acıq-qıcıq verib ölkəni parçalamağa, elmsizləşdirmək bir tərəfə qalsın, cəmiyyəti əxlaqsızlaşdırmağa, kin-küdurət yaradıb məhv etməyə haqqı yoxdur. Yetər artıq!
Qeyd. Mən növbəti statusda vəzifəsindən sui-istifadə edib vətəndaşları girinc edən möhtərəm Famil Mustafayevin 2010-cu ildə müdafiə etdiyi elmlər doktorluğu dissertasiyasının avtoreferatını təqdim edəcəyəm. Ürəyi və əsəbi zəif olanların baxması məsləhət deyil. Orta savadlı könüllü bir iqtisadçı istəyərsə, cənab-alinin dissertasiyasını da birgə nəzərdən keçirə bilərik. Əlbəttə, elmin başında dayanan şəxslərdən öyrənmək qəbahət deyil!

İdris Abbasov
filologiya elmləri doktoru, professor

QANUNUN OLMAMASINA İNANDIRMAQ CƏHDİ



Famil Mustafayev bu gün Ali Attestasiya Komissiyasının sədridir. Ölkə Prezidentinin adı ilə manipulyasiya edib çıxardığı qanunsuz qərarların eyforiyasına varır. Bu günün sabahı da var. Unutmaq olmaz ki, vəzifə bir əmanətdir, əmanətə xəyanət isə əfvolunmazdır!
Bundan da dəhşətlisi cəmiyyəti qanunun olmamasına inandırmaq cəhdidir! Yoxsa təkrar-təkrar müzakirələr oldu nə, olmadı nə. Bunun elmlə heç bir əlaqəsi yoxdur və bu praktikaya Famil müəllimin özü də yaxşı bələddir, çünki öz avtoreferatı da bu mənasız mənzərəni təsvir edir. Yüz elə avtoreferat, nəverim dissertasiyalar, gurultulu təqdimatı keçirilən "şedevrlər" yığını Azərbaycan qanunlarının fövqündə ola bilməz!
Hərəniz bir tərəfdən bir vəzifə mundiri geyinib düşmüsünüz biçarə QANUNUN üstünə, vur ki vurasınız. İnsafınız olsun, imkan verin, QANUNLAR fəaliyyət göstərsin!
Bu günlərdə bir həmkarla görüşdə cənabi-ali Famil Mustafayev buyurub ki, dissertantların təkrar müzakirəyə girməsi AAK-dan müdafiəyə icazə alınması prosedurunun əvəzidir. Bərəkallah! Doğrudanmı, AAK sədri bu qədər bəsit düşünür? Bu, mal tədavülü və təbadülü deyil, Famil müəllim, vallah, heç əmtəə mübadiləsi də deyil! Bu, alınıb-satılmayan QANUNDUR! Məsələn, sadə dillə desək, bu, Xırdalanda 3 evin əvəzinə dəniz kənarında 2 bahalı mənzil alıb irəli, yaxud geri düşmək məsələsi deyil. Qanun hamının riayət etməli olduğu icbari, həm də müqəddəs bir kodeksdir!
Təbii ki, atılan bu addımlar özünə bəraət qazandırmaq və edilən qanunsuzluqları asanca ört-basdır etmək cəhdidir!
Cənabi-möhtərəm Famil Mustafayev! Məgər sizin qanunsuz əməllərinizin nəticəsi deyildimi onlarla vətəndaşı ölkə Prezidentindən kömək istəməyə vadar edən?! Onlar sizin qeyri-qanuni qərarlarınız ucbatından Azərbaycan Respublikasının Prezidentinə və Birinci vitse-prezidentə məktublar ünvanlamaq məcburiyyətində qaldılar...
Məqami-ali, hörmətli Famil Mustafayev! Heç olmasa, ölkə başçısına müraciətdən sonra narazılığa səbəb olan addımınızdan geri çəkiləydiniz!
Qərarlarınızda Prezidentin adı ilə manipulyasiya etməyinizə indi haqq qazandırırsınız, deyilmi?! Deyəsən, niyyətləriniz gerçəkləşir, hə? Prezidentdən izn alıb qərar çıxardığınızı desəniz (zatən qərarda onun adından sui-istifadə etmisiniz), buna məlumatsız vətəndaşları inandıra bilərsiniz. Yəni bu qədər zərərli bir yolda olduğunuzun fərqində deyilsiniz.
Famil Mustafayevin fəaliyyətindəki "peşəkarlığ"ın anatomiyasına ötəri nəzər saldıqda nələr üzə çıxmır, pərvərdigara?! Deməli, o, ölkə Prezidentinin adını çəkərək qanunsuz qərar çıxarıb narazı insanlar kütləsi yaradır və onların şikayətlərinə, haqq səslərinə məhəl qoymur. Ümidləri üzülən və AAK sədrinin çıxardığı qərarın Konstitusiya və qanunlara zidd olduğuna əmin olan həmin vətəndaşlar Prezidentə poçtla və ictimai qaydada müraciətlər edirlər.
Cənab F.Mustafayev! Bir az düşünün, əgər bütün işləri bir nəfər Prezident görə biləcəkdisə, onda sizlər nəyə lazımsınız? Axı vəzifə sizlərə əmanət edilib. Siz isə nədənsə qanunu sövdələşmə və ya başqa bir şey kimi başa düşürsünüz.
Çox yaxşı bilirsiniz ki, siz və vəzifəyə münasibətdə sizin xasiyyətdə olan şəxslərin etdikləri bütün qanunsuzluqlar peşəkar fəndləriniz sayəsində ölkənin birinci şəxsinin üzərinə yönəlir. Özünüzmü belə edirsiniz, yoxsa doğrudan da, kimsə sizi bu qəbih işə vadar edir? Hər iki halda sizə haqq qazandırmaq mümkün deyil.
Siz və sizin kimi vəzifə məsuliyyətini bilməyib ölkənin reputasiyasını korlayan və ölkə başçısının imicinə xələl gətirən bəzi akademik-alimlərin yerinə, icazə verin, biz xəcalət çəkək. Ayıbdır, vallah!
Bütün problemləri ustalıqla bir nəfər şəxsin üzərinə yıxmağı, sonra rahat və xudmani həyat sürməyi özünüzə rəva görə bilməyinizi, düzü, anlamıram! Bu, heç bir dinə, fəlsəfəyə, əxlaqa, ehkama, dövlət ədəb-ərkanına və insanlığa sığmır...
Əminəm ki, bu əməllər bir gün diqqəti cəlb edəcək və vəzifə fəaliyyətiniz, yaxud fəaliyyətsizliyiniz araşdırılacaq. Etdiklərinizin mükafatını mütləq alacaqsınız!
Vəzifə səalhiyyətlərindən sui-istifadə edib hansısa sövdələşmələrə meyillənmək əvəzinə, çıxardığınız yanlış qərarın ləğvi üzərində düşünün!

http://www.aak.gov.az/single/513
http://www.aak.gov.az/single/512

İdris Abbasov
filologiya elmləri doktoru, professor

Jurnalist Vəkil Rüstəm Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət etdi...




Hörmətli və əziz Vitse-Prezident!
Qazax enerji şəbəkəsində milyonların mənimsənilməsi və insanların pulunu ələ keçirənlər barədə iki dəfə ölkə rəhbərinə müraciət etmişəm. Bilmirəm hansı səbəbdənsə müraciətimə reaksiya verilməyib.
Bildirim ki, 2005-2006-cı illərdə mənimlə bərabər 60 nəfərə həyətyanı sahə verilmişdir. Demək olar ki, hamımız ev tikdir və enerji xətləri çəkilmək üçün Qazax enerji şəbəkəsinə müraciət etdik.
Enerji şəbəkəsinin az keçmiş nümayəndələr gəlib (lobya payaları ilə enerji xətti çəkməyə başladılar. Hər ev sahibindən 300 (üç yüz) manat qopardılar. Mən belə elektrik enerjisi çəkilişinə razılıq vermədim, qanuni stolbalar – dayaqlar basdırılmasını tələb etdim. Bildirdilər ki, şəbəkənin materialı yoxdur, öz hesabına edə bilərsən. Odur ki, dolanma xərcimi kəsib qanunauyğun iki ədəd elektrik dayağı basdırdım və kabel quraşdırdım. Xəttimin gərginliyə qoşulması üçün enerji şəbəkəsinə müraciət etdim.
Şəbəkədən mənə bildirdilər ki, Regional Asan Xidmətə müraciət et. İki dəfə müraciət etsəm də, get-gələ salındığımı hiss etdim.
Bu yaxınlarda yenidən Enerji Şəbəkəsinə yollandım. Mənə bildirdilər ki, Tural bəy 600 (altı yüz) manat istəyir. Tural bəyin kimliyi haqqında məlumat ala bilmədim. Onu qeyd edim ki, Qazax Enerji Şəbəkəsində milyonlar mənimsənilib, vətəndaşların dərisi boğazından çıxarılıb.
Odur ki, araşdırılma iştirakımla aparılsa mənimsənilmiş milyonların ünvanını dəqiq göstərə bilərəm. Vətəndaşları narazı salmaqla çirkin əməllərini məmurlar gizlətməklə məşğuldurlar.
Xahiş edirəm bizləri rüşvətxorların zülmündən xilas edin.
 
Vəkil Rüstəm
Jurnalist-araşdırmaçı

İdris Abbasov: "Yazdığım bütün faktların arxasındayam"




2019-cu ildə İsa Həbibbəyli və Möhsün Nağısoylunun başçılığı ilə dövlət büdcəsinə zərər vuraraq gurultulu təqdimatlarla ictimaiyyəti aldatdıqları biabırçı ədəbi oğurluq faktlarını, konkret olaraq "İzahlı dilçilik terminləri lüğəti"ni ifşa etdiyim üçün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə, şöbə müdiri Əli Həsənova və akademik şəbəkəyə güvənən şər və böhtan kampaniyasının aparıcı üzvləri tərəfindən həm institutda, həm də mətbuatda üzərimə hücumlar təşkil olunur, ailə və uşaqlarıma xətər yetiriləcəyi ilə hədələnirdim. Uca Allah pis niyyətlərini öz başlarında çatlatmaqdadır.
Gedin, dövlət büdcəsindən qopardığınız mal-mülkünüzü sayın! Bahalı evlərinizin, bağ-bağatlarınızın təkrar hesabını gedin!
Utanmadan anonim fikirlərinizi dırnaq açıb onun-bunun adından verirsiniz, dəstə ilə üstümə cumursunuz.
Mən indiyədək yazdığım bütün faktların arxasındayam.
İsa Həbibbəyli və Möhsün Nağısoylu! Dilçilik İnstitutuna ayrılan milyonların, yüz minlərlə qrantların taleyi, plagiatlığa, saxta kitablara, hətta musiqi mərkəzlərinə, digər şeylərə silinən dövlət vəsaitləri haqqında açıqlama verməyi niyə mənim üzərimə hücumla əvəzləyirsiniz? Niyə bir dəfə də olsun, Azərbaycan dövlətinin xeyrinə çıxış etmirsiniz? Mən, şəxsən məşğul olduğunuz ört-basdır əməiyyatını dövlətə, xalqa və dövlət rəhbərinə qarşı xəyanət sayıram. Xalqın, dövlətin taleyi ilə bu qədər oynamaq olmaz! Təəssüf ki, rıçaqlar hələ də əinizdədir. Amma əmin olun ki, ölkə başçısını xalqdan ayırıb çirkin məqsədlərinizə çata bilməyəcəksiniz.
PS. Siz kollektiv şəkildə görə blmədiyiniz işləri mən təkbaşına yerinə yetirmişəm. Siz dövlətin vəsaitini göylərə sovurub plagiatlığı, elmdə nadürüstlüyü təbliğ edəndə mən kiçik daxmama sığışıb gecə-gündüz işləmişəm. Məcbur qalıb etiraf etmisiniz ki, elmi miqyasına görə bir institutun görə biləcəyi işi təkbaşına yerinə yetirmişəm. Əsərin nə çapına vəsait ayırdınız, nə də müəllifinə minimum şərait yaratdınız, əksinə, yüz minlərlə qrantlar mənimsənildi. Paxıllığınız, milli elmə düşmənçiliyiniz, kin və nifrətiniz üstün gəldi. Məni təqib etməyə, mənəvi-psixoloji təsirlər göstərməyə başladınız.
Şəbəkəniz nə qədər güclü və maddi resurslarınız nə qədər bol olsa da, dövlətin həm də fərdlərin hüquqlarını qorumaq təəhhüdü vardır.
Unutmayın ki, Azərbaycan elm tarixi sizi əfv etməyəcək!
İndi buyurun, nə qədər istəyirsiniz, yalan püskürün! Əlahəzrət faktlar dil açıb danışır. Həqiqət ondan ibarətdir və fakt ortadadır ki, siz plagiatlıqla məşğulsunuz, ana dilinə hörmətsizlik edirsiniz, ümummilli maraqları şəxsi maraqlatınıza qurban verirsiniz, dövlətin ayırdığı milyonları aidiyyəti üzrə xərcləmirsiniz!

İdris Abbasov
filologiya elmləri doktoru, professor

AMEA Dilçilik İnstitutunda “Qaynar xətt”ə olan məsuliyyətsizlik Ana dilimizə qəsddir




Bir ay əvvəl AMEA-nın Dilçilik İnstitutunda “Qaynar xətt”in fəaliyyətinin dayandırılması və bu sistemə aid otağın hansısa şuraya verilməsi barədə feysbukda yazdığım statusun mediada işıqlandırılması və ictimaiyyətin reaksiyası müəyyən bəhrə verdi, amma PROBLEMI HƏLL ETMƏDI. Mövzunun həssaslığını anlayan Dilçilik institutu ötən ilin dekabrından fəaliyyəti dayandırılmış (dediklərinə görə, pandemiya səbəbindən!?) xəttin şəhər nömrəsini (012 538 06 37) tez-tələsik əlaqə telefonu kimi işə salıb, amma bütövlükdə söndürülmüş serveri, interneti və elektron xidməti bərpa etməyiblər. Sadəcə, bir adam ayırıblar ki, iş saatlarında dədə-baba qaydası ilə zənglərə cavab versin. Lakin saat 17-dən sonra və şənbə-bazar günlərində həmin zənglərə cavab verilmir. Daha bunun nəyi “qaynar xətt” oldu? Bu bacarıqsızlıqları bir yana qalsın, hələ AMEA ictimaiyyətə YANLIŞ MƏLUMAT da verir. İki gün əvvəl qurumun saytı Dilçilik institutna istinadən belə bir məlumat yayıb ki, “qaynar xəttin fəaliyyət göstərməməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”. Adamı heyrət bürüyür ki, ya bunlar ümumən müasir texnologiya kimi elektron sistemə əsaslanan “qaynar xətt” anlayışından xəbərsizdirlər, ya da Ana dilinə gerçək münasibətləri elə budur.
Xatırladıram ki, bütün dünyada, xüsusən dil qurumları olan ölkələrdə “qaynar xətt” müasir dildə gedən prosesləri öyrənməyə, nöqsanları aradan qaldırmağa və dildə üzə çıxan mübahisələri aydınlaşdırmağa xidmət edən sistem kimi fəaliyyət göstərir. Ona görə bizdə də Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində düzgün işlədilməsi və dilçiliyin inkişafı ilə bağlı Dövlət Proqramı”nda xüsusi maddə (6.1.5) ilə Dilçilik İnstitutunda “Qaynar xətt”in yaradılması VACİB hesab olunub. Və akademik Tofiq Hacıyevin rəhbərliyi dövründə həmin xətt böyük əziyyətlər hesabına ərsəyə gətirilərək istifadəyə verilib.
Təəssüf ki, indi bu işə cavbdeh olan İsa Həbibbəyli və Möhsün Nağısoylu kimi kal akademiklər ana dilinə xidməti yalnız “möhtəşəm” iclaslar keçirib dilin inkişafı haqqında moizələr oxumaqda, yalançı tədbirlərlə gözə kül üfürməkdə görürlər. Bir aydan çoxdur ki, problemin ictimailəşməsinə baxmayaraq bu adamlar elektron sistem kimi “qaynar xətti”in bərpası üçün heç bir addım atmayıblar, yalnız işin üstünü malalamağa, sadəcə, nömrəni şəhər telefonuna qoşmaqla görüntü yaratmağa çalışıblar. Bu, ictimai əhəmiyyəti olan bir işə saymazyana münasibətdir, millətin dil probleminə, dövlətin dil quruculuğu siyasətinə hörmətsizlikdir. Ona görə də belə hesab edirəm ki, “Qaynar xətt”in serverinin söndürülməsi, avtomat xətlərin sıradan çıxarılması, proqram təminatının pozulması məhz İ.Həbibbəyli və M.Nağısoylu kimilərinin məsuliyyətsizliyinin nəticəsi, onların Ana dilinə qəsdidir.
Heç nə yarada bilməyənlərin mövcud olanları rahatlıqla dağıtması bir dərddir, onların cəzasız qalması isə tamam başqa dərddir!

(Mənbə: https://www.facebook.com/qulu.meherremli.9/posts/1587697064753590?comment_id=1587802704743026&reply_comment_id=1587804198076210&notif_id=1614858779250030&notif_t=mentions_comment&ref=notif)

Qulu Məhərrəmli
filologiya elmləri doktoru, professor

Azərbaycan Dillər Universitetində kütləvi ixtisarlar...




Azərbaycan Dillər Universitetində kütləvi ixtisarlar başlayıb.
Universitet əməkdaşlarının verdiyi məlumata görə Elmi şuraların birində Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayev bununla bağlı tapşırıqlar verib.
Rektor qeyd edib ki, müddəti bitən müqavilələr heç biri uzadılmayacaq. Bununla bağlı kadrlar şöbəsinin müdirinə öz təlimatlarını verən rektor: müqavilələrin uzadılmamasına səbəb Universitetin büdcəsində maaş verməyə pulun olmaması göstərildiyini bildirib. Bu qərar Universitetin əməkdaşları arasında təşvişə səbəb olub. Respublika ərazisində sərt karantin müddətinin uzadılması ilə yanaşı, ölkənin ağır müharibədən çıxması fonunda baş verən bu hadisələr əməkdaşları sözün əsl mənasında hiddətləndirib.
Onlar ilin günün bu vaxtında işlərini itirmək istəmədiklərini qeyd ediblər. Onlar qeyd edib ki, rektor bu hərəkəti ilə Dövlət başçısına etiraz edən kütləvi narazılıq yaratmağa cəhd göstərir. Həmçinin işçilər qeyd edir ki, ixtisarlara baxmayaraq, hər gün yeni işçilər Universitetin ştatlarına yerləşdirilir.
Universitetdə savadlı kadrlar sıxışdırıb çıxarılır, əvəzinə təhsilsiz, səriştəsiz, yaxın qohumları vəzifədə olan və ya müəyyən vasitələrlə işə cəlb edilirlər. Əməkdaşlar bildirir ki,ard-arda Universitetdə şöbələr bağlanır,
birləşdirilir, işçilər isə ixtisara salınır… Hətta bir neçə şöbə müdiri ilə Universitetin rəhbərliyi arasında insidentlərin baş verməsi də verilən məlumatlar arasındadır….İşçilər qeyd edir ki, ayın bitməsindən həftələr ötdükdən sonra belə maaşlarını ala bilmirlər. Bu haqda bir sıra KİV və sosial mediada yazılar dərc olunub.
Belə analoji hal dekabr ayında da baş vermişdi. Səbəb isə həmişə olduğu kimi Universitetin büdcəsinin boş olması göstərilir…Maraqlısı odur ki, büdcəsində maaş verməyə bir qara qəpik olmayan dövlət Universitetinin rektoru yaxın günlərdə oğluna paytaxtın ən bahalı məhəllələrindən 500 000 AZN-lik mənzil alır… Ətrafında olan insanlar da, onu Universitetin koridorlarında bu münasibətlə təbrik edir.. Yüzlərlə işçinin əmək haqqını oğurlayan, Dövlət Universitetinin büdcəsini talan edən bu «ziyanlı» akademikin fəaliyyəti araşdırılmalı, ölçü götürülməlidir. Yoxsa, 15 milyondan artıq rezervi olan Dillər Universitetinin boş qalmış büdcəsini Kamal Abdullanın Dilçilik İnstitutundakı 2 milyonluq «uğurlu əməliyyatı» kimi qiymətləndirəcəklər.
İstənilən halda dövlətin pulunu talayıb insanları qəsdən dövlətə, dövlət başçısına qarşı qaldırmağın ayrıca bir cəzası olacaq. Qeyd edək ki, Yaxın aylarda ixtisara düşəcək olan yüzlərlə narazı kütlə ölkə başçısı Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməkdən başqa çıxış yolunu görmürlər… Onlar artıq həmin müraciətin KİV-də dərc edilməsinə hazırlaşdıqlarını da gizləməyiblər. Müraciətin əsas məqsədi dövlətin qanunlarını öz istəyi kimi quraraq büdcəni mənimsəyən, dəbdəbəli həyat tərzi quran rektor Kamal Abdulla haqqında ciddi ölçü götürülməsini dövlət başçısından xahiş etmələridir.

ilkxeber.org
hakimiyyet.com

“AKADEMİK QƏTL” və ya həqiq elm adamlarını diri-diri torpaq gömmək...



AKADEMİKLİYƏ GÖRƏ 2000 MANAT TƏQAÜD – lazımdırmı? BƏS CƏMİ 500 MANAT MAAŞ ALAN ELMLƏR DOKTORU UŞAQLARINI NECƏ DOLANDIRMALIDIR? Mən hələ müəllimi, həkimi, mühəndisi, jurnalisti, günəmuzd fəhləni və digər aztəminatlı sosial zümrələri demirəm! BÜTÜN ENERJİSİNİ FAYDALI ƏMƏYƏ SƏRF EDƏN ALİM HƏMKARI ACLIQ VƏ SƏFALƏTİN QOYNUNDA CAN ÇƏKİŞİRKƏN 3, 5, 7 MİN MANAT AYLIQ MAAŞI GƏLƏN AKADEMİKƏ ƏLAVƏ 2000 MANAT TƏQAÜD VERMƏK SOSİAL RİFAHA XİDMƏT SAYILA BİLMƏZ. BUNUN BİR ADI VAR: SOSİAL NATARAZLIQ! ALOGİKA! Dövlət hesabına olan təqaüd, adətən, tələbələrə, qocalara, əmək qabiliyyətini itirmiş əlillərə, ailə başçısını itirmişlərə və bu kateqoriyadan olan digər şəxslərə verilir. Diqqət etsəniz, bir neçə yerdən aldıqları vəzifə maaşlarından əlavə, dövlətdən 1200 manatdan tutumuş 2000 manata qədər təqaüd alan nəhəng akademiklər ordusu ölkənin ağır günlərində susur, ictimai yüklü məsələlərə heç bir reaksiya bildirmirlər. Bəzilərini (bunların içərisində kifayət qədər elmlər doktoru, professorlar da vardır), ümumiyyətlə, ölkənin taleyi maraqlandırmır, bir pay Vəzirov, bir pay Elçibəy, bir pay da indiki iqtidardan qopara-qopara günlərini, illərini yola verir, canlarına qulluq edir, kələk gəlir, uşaqlarına “gün” ağlayırlar. Dövlətdən ev qoparan kim, ad, titul, vəzifə, təqaüd, pul qoparan kim. Belə iş prinsipinə alışmış və “elmi” işlə məşğul olan bu “ziyalı” zümrəni xaqlın, ölkənin taleyi haradan maraqlandıracaq? Bir qismi də uşaqlarını ölkədən qaçırıblar. Ana Vətən belələri üçün, sadəcə, mayalanmaq məkanıdır. Ölkənin sərvətlərini yedirəcəkləri yadellillər də tapıblar. Vətəndaşlıq məsuliyyətini itirmiş mahiyyətsiz, qansız, vicdansız akademik-alimlərə ayda bu qədər təqaüd, əlavə vəzifələr, maaşlar, qrantlar, mükafatlar verilməsi cəmiyyəti ölümə itələmək deyilmi?! Qeyd. Bu yaxınlarda akademik-deputat İsa Həbibbəylinin ümumi aylıq maaşının təxminən 9700 manat olduğu bildirilib. Bu məbləğin 2000 manatı məhz akademikliyə görə verilən təqaüddür. Varmı ehtiyacı İsa müəllimin bu təqaüdə? Nəzərə alaq ki, onun himayəsində azyaşlı uşaq, şagird, tələbə də yoxdur. Halbuki himayəsində azyaşlı uşaqlar olan alim həmkarları 2000 manat təqüdün dörddə birini maaş qismində alır, ya almır. Bu ədalətsizliyə dözən ürəyə ürək demək olarmı? Ya belə vecsiz qəlblərə ziyalı adı yaraşırmı? Xalqın dərdinə yanmayan daşürəkli akademik kimə və nəyə lazımdır? Akademik İsa Həbibbəyli, qoy, gec də olsa, Milli Məclisdə deputat kimi məsələ qaldırsın, kasıb və zəhmətkeş, onun özündən qat-qat daha çox əməyə qatlaşan alim həmkarlarının nəfinə, heç olmasa, akademiklik təqaüdündən imtina etsin. Əminəm ki, onun bu təklifini Milli Məclisdəki digər akademik-deputatlar və alim-deputatlar dəsəkləyəcək və digərləri də analoji addım atacaqlar. Bir də ki, əmək qabiliyyətinizi itirməmisiniz ki, maşallah, 10 min manata yaxın aylıq qazanırsınız, deməli sazsınız. Qoyun təqaüdü kasıb və kimsəsizlər alsınlar, onlar da qarındolusu çörək yesinlər! İnsafınız olsun! Bütün problemləri bir nəfər Prezidentin üzərinə atmayın və vicdanınız olsun! Nə olar, təfəkkür tərzinizi azacıq da olsa, dəyişin. Heç bacarmırsınızsa, barı təqaüdə çıxıb 2-3 min manatınızı alın, istirahət edin, bağlı-bağatlı evlərinizdə nəvələrinizlə oynayın, gəzintiyə çıxın! İmkan verin, məhv etməyə çalışdığınız enerjili gənclik ölkəni irəli aparsın! Öldürməyin, didərgin salmayın onları, aclıqla, səfalətlə ləyaqətsizləşdirməyə cəhd etməyin!… Belə məsələləri siz qaldırmalısınız. Yoxsa 10 min manatı cibimə qoyum, digərləri ölsə də, ölsün, mənə nə?! Vallah, bunun hesabını verəcəksiniz. Ziyalılıq, alimlik postunu tutub ziaylılığı, ən əsası, məsuliyyəti qətl etdiyiniz üçün sizi acı əzab gözləyir! PS. Təkcə 2000 AZN akademiklik təqaüdü+ digər maaşlar = 9700 manat bir akademik-deputatın maaşı, digər qütbdə öz biliyi və elmi nailiyyəti ilə akademikdən heç də fərqlənməyən, bəzən ondan üstün töhfələrə imza atan alimlər isə cəmi 300-600 manat maaş və məşəqqətli həyat. GÖRÜNMƏMİŞ KONTRAST! Təsəvvür edin, qanunverici orqan da bunların əlində!

İdris Abbasov
filologiya elmləri doktoru, professor

İT YERİNƏ DƏ QOYMAYACAQLAR




İstər sovet dövründə, istərsə də müstəqillikdə kal idrakın və acgözlüyün qurbanı olduq. Rüşvət, tanışlıq və digər çirkin münasibətlərin tüğyan etməsi üzündən Vətənin nə qədər təmiz, saf, əqidəli, haqqsevər, fədakar, namuslu, istedadlı övladı ali təhsil almaqdan məhrum oldu.
Pulla, adamla elmi dərəcə, ad alanların, yaltaqlıq, satqınlıq və alçaqlıqla vəzifə, mənsəb tutanların sayı artdı, rüşvət, talançılıq fonunda sosial ədalət tarazlığı pozuldu. Alilər xaki-məzəllətdə, dənilər mötəbər oldu. Faciə də elə buradan başlandı.
Əslində, bizim övladlarımıza etdiyimiz pisliyi heyvan öz balasına etmir. Çirkin yollara baş vurmaqla guya ailə-uşaqlarımızın qeydinə qalırıq. Hər cür ləyaqətsizliyə qol qoyuruq ki, əlimizə bir vəzifə düşsün. Başlayırıq sökmək, dağıtmaq, dövlət büdcəsini talamaq rəqabətinə!
O qədər lənətlənmişik ki, XXI əsrdə də övladlarımıza qarşı sevgi və qayğının nə olduğunu dərk edə bilmirik!
Qana bilmirik ki, uşaqlarının, nəvələrinin qeydinə qalmaq dövləti talayıb cibinə yığmaqla olmur. Övladının gələcəyini düşünən kəs xalqın halal haqqı olan dövlət büdcəsinə əl uzatmaz.
Min hoqqa ilə büdcəyə soxulan "tarakanlar" həm dövlətin, həm xalqın, həm də öz "sevimli" oğul-uşaqılrının, nəvə-nəticələrinin sabahını məhv edirlər.
Elə bilirsiniz, 1 milyona ayı kəsib yeyən Ziya Məmmədovun oğlu, yaxud 2,5 milyonluq saat taxaraq ispan korsanlarına oğurladan Rövnəq Abdullayevin oğlu və yaxud Dilçilik İnstitutuna ayrılan 2 milyonu və yüz minlərlə qrantı yoxa çıxaranlar xoşbəxt olacaqlar? Əsla!
Əminəm ki, xalqın qanını soran "gənələr" təkcə vəzifədən azad olunmaqla canlarını qurtarmayacaq, onların övladları, nəvələri yığdıqları qanlı pullarla keflərinə davam edə bilməyəcəklər. İnanın ki, onlara layiq olduqları şəkildə qan qusdurulacaq. İlahi Ədalətin təcəssüm etdiyi zərurət!
Ay nadan! Tutaq ki, qanunlara tüpürüb övladına büdcədən 100 milyon pul oğurlamısan. Deməli, qanunsuzluqla razılaşıb övladına “gün ağlayıbsan”. Əla! Artıq qanun yoxdur, eləmi?! Əzrail sənin canını alıb və sən də yoxsan. Dünyada qalan sənin övladın, 100 milyon pul, bir də vaxtilə dövlət büdcəsini talayarkən razılaşdığın qanunsuz cəmiyyət! İstədiyin yar idi, yetridi Pərvərdigar! Ay heyvərə! (Üzr istəyirəm ifadəmə görə) Məgər əminsən ki, vaxtilə razılaşıb dövləti talan etdiyin qanunsuz cəmiyyətdə sənin övladını bıçaqlayıb, başına min oyun gətirib milyonlarını əlindən almayacaqlar? Deməli, pula, arağa, tanışlığa aldığın elmi titulların olsa da, "tupoy"san və qanmırsan ki, milyonların olsa da, sevə-sevə ağuşuna atıldığın QANUNSUZ cəmiyyət "sevgili" balalarını əsir-yesir edəcək. Xaricə qaçıracaqsan, ay külbaş? O da çıxış yolu deyil. İt yerinə də qoymayacaqlar onu, 3-cü sort tör-töküntü kimi baxacaqlar.
Deməli, övladının qayğısına qalmaq, gələcək nəsilləri düşünmək istəyirsənsə, haram yollarla pul, mal-mülk yığma, əksinə, ümumi büdcənin – dövlət büdcəsinin güclənməsinə, qanunun aliliyinə çalış ki, özünün və övladlarının gələcəkdə təhlükəsiz və xoşbəxt həyatına töhfə verə biləsən.
PS. Tarakanlar, çəyirtəkələr, gənələr, siçovullar və müxtəlif növ gəmiricilərlə, nədənsə, adekvat davrana bilmirik. Hinduizm dinində ahimsa (heç bir calınıya, hətta milçəyə də zərər verməmə) prinsipi var. Axı biz hindusit deyilik və insan cəmiyyətini məhv edən canlıları zərərsizləşdirməliyik.

İdris Abbasov
filologiya elmləri doktoru, professor

BUNUN SİZƏ DƏXLİ YOXDURMU, İSA HƏBİBBƏYLİ?!




Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 may 2012-ci ildə AMEA Dilçilik İnstitutunun maddi-texniki bazasını gücləndirmək məqsədilə ayırdığı 2 milyon manat maliyyə vəsaitinin xərclənməsi ilə bağlı neçə ildir ki, deyir, yazır və humanitar sahəni kurasiya edən İsa Həbibbəylinin məsələyə müdaxilə etməsini tələb edirəm. Bəli, vitse-prezident İ.Həbibbəylini qınayıram və milyonlarla dövlət vəsaitinin taleyinə biganə qalmaqda, onların təbirincə desək "ittiham edirəm". Axı "akademik", "deputat", "vitse-prezident" vəzifələrini üzərinə götürən şəxs ölkə Prezidentinin dilçiliyin inkişafı üçün ayırdığı vəsaitin havaya sovrulmasına, milli maraqlara zidd əməllərə necə susqun qala bilər?
Bu gün İsa Həbibbəyli sərəncamında olan resurslar vasitəsilə öz xeyrinə məni susdurmağa çalışır. Sizdən soruşuram: Şəxsi marağınız naminə üstümə yürüş edirsiniz, bəs dövlət maraqlarının müdafiəsi üçün niyə belə canfəşanlıq etmirsiniz? Sanırsınız ki, əvvəlki kimi dərəbəylikdir? Sırf dövlət və ümumi maraqlar üçün sizi debata dəvət eirəm. Buyurun gəlin, 2 milyonun və ayrılan qrantların taleyini müəyyənləşdirək. Burada pis nə var ki?! "Mənim vaxtımda olmayıb, mənə nə?" ifadəsini kəndlimiz Məmmədhəsən əmi işlətsəydi, dərd yarı idi. Bir akademikin, vitse-prezidentin belə düşünməsi, əlbəttə, məni narahat edir. Dövlət maraqlarını, ümummilli maraqları bu çərçivədə anlamağınızı anlaya bilmirəm. Necə yəni "mənim vaxtımda olmayıb ki!" Bu cavabı verən özünün hansı prinsiplər əsasında fəaliyyət göstərdiyini açıqca ortaya qoyur. "Haqsız və əsassız təbliğat işi" aparmağa macalım yoxdur. Haqlı və əsaslı problemləri qaldıraraq ölkə Prezidentinin apardığı islahatlara töhfə vermək isə boyun borcumdur. Bu iş tərif və mədhiyyədən fərqli olaraq çətin və məsuliyyətlidir!
İndi isə...
BUNUN SİZƏ DƏXLİ YOXDURMU, İSA HƏBİBBƏYLİ?!
Nəzərə alsaq ki, ölkədə minimum əməkhaqqı 250 manatdır, onda Dilçilikç İnstitutunun yoxa çıxardığı 2 milyon manat 999 (doqquz yüz doxsan doqquz) ailənin 1 illik maaşı deməkdir! Mən hələ son 7 ildə ayrılan yüz minlərlə, milyonlarla qrantları demirəm.
Deputat, direktor, AMEA-nın vitse-prezidenti, akademik, müdafiə şurasının sədri və s. olaraq baş verən qanunazidd, antimilli, antidövlət və antielmi əməllərin sizə heçmi dəxli yoxdur, möhtərəm İsa Həbibbəyli?!
Onu bilirəm ki, formal iclaslar keçirib gözə kül üfürməyin, dissertasiya və müdafiə şuralarındakı tərif və təqdimlərin Azərbaycan elminə və dövlətçiliyinə aidiyyəti yoxdur. Ciddi arqumentlər ortaya qoymağa hazıram.
Sizin məsuliyyətsizliyiniz üzündən neçə-neçə azərbaycanlı ailələrin həyatı sönür, arzuları gözündə qalır, ehtiyac üzündən analar gözləri qarşısında can verən körpələrinin tələf olmasına "qismət" deyib razılaşır, haqqı çalınmış namuslu vətəndaşlar ölümü sevinclə qarşılayır, bunun sizə dəxli yoxdurmu, İsa Həbibbəyli?!
Sizin kurasiya etdiyiniz sahədə bilavasitə əlaqədar olduğunuz həmkarlarınız tərəfindən ayrılan dövlət vəsaiti dağıdılır, hətta sizin vasitənizlə ədəbi oğurluqlar tüğyan edir, bunun sizə dəxli yoxdurmu, İsa Həbibbəyli?!
Baş redaktorluğunuz ilə dövlət vəsaiti hesabına plagiarizmə abidə qoyulur, bunun sizə dəxli yoxdurmu, İsa Həbibbəyli?!
Sizə dövlətçiliyin, elmi potensialın, kurasiya etdiyiniz sahədə şəffaflığın, qanunun, düzgünlüyün, ədalətin dəxli yoxdursa, bəs nəyin dəxli var, İsa Həbibbəyli?!
Davranışlarınız onu deyir ki, dövlət resursları hesabına şəxsi nüfuz artırmağı, dövlətdən 7 770 manat məvacib almağı, bir neçə vəzifəni məşğul edib şəxsi və qrup maraqları üçün yararlanmağı, gizli qaldıqca dövlətin dayaqlarını sarsıdan fəaliyyətləri, mənimsəmələrin ört-basdır edilməsini siz vəzifələriniz və səlahiyyətləriniz kimi idrak edirsiniz. Yəni vəzifənizi ört-basdır kimi başa düşürsünüz.
Elədirsə, dərhal vəzifələrinizdən imtina etməli, patoloji təfəkkür tərzindən xilas olmaq üçün dövlətdən yardım istəməli və bunu ictimailəışdirməlisiniz! (ardı var)

İdris Abbasov
filologiya elmləri doktoru, professor

AY MÖHSÜN MÜƏLLİM, VALLAH, NƏ QƏDƏR MƏSULİYYƏTSİZLİK ETSƏNİZ DƏ, VƏZİFƏ SİZİN DÜŞÜNDÜYÜNÜZ KİMİ KEF DEYİL!




Möhsün Nağısoylu Dilçilik İnstitutuna təzə gələndə sandım ki, elm təəssübkeşidir, düzgün işləyəcək, dövlətçiliyə xidmət edəcək. Nə qədər də olmasa, kasıbçılığı görən adamdır və s.
M.Nağısoylu məlum sələflərindən iki dəfə artıq dilçilik elmini labirintə soxdu. O, dövlətçiliyə yox, dəstə marağına xidmət edib ört-basdırla məşğul oldu, vəzifəyə əyləncə kimi yanaşdı.
Həmişə deyirdi: "Mən suyu da içəndə İsa müəllimlə (AMEA-nın vitse-prezidenti İsa Həbibbəylini nəzərdə tutur) məsləhət edib sonra içirəm. Nə vaxt desə, get, gedəcəm. Mənə vəzifə lazım deyil".
Əslində, M.Nağısoylu iş bacarmadığını dəfələrlə etitaf edib və vəzifədən çıxmaq ixtiyarının özündə olmadığını bildirib. Ona görə də, bu şəxs bütün qanunsuzluqlara, mənimsəmələrə göz yumub və özü də bunun iştirakçısına çevrilib.
Qeyd edim ki, dövlətin elm potensialına ziyan vurmaq fəaliyyəti ilə məşğul olan Möhsün Nağısoylu ayda təkcə 2000 (iki min) manat akademikliyə görə alır. İşdən çıxsa da, bu məbləği alacaq. Başqa "gəlirlərini" demirəm.
Möhsün Nağısoylu və ona buyuruq verən akademiklərin təcrid olunmaları onların ziyanına olmasa da, dövlətçiliyin və elmimizin xeyrinədir.
Bu şəxslər vəzifə mundirini geyindikcə üzü qüruba doğru gedəcəyik. Allah qorusun!

İdris Abbasov
filologiya elmləri doktoru, professor

Xəbər lenti