MİLLİ KİTABXANANIN KƏRİM TAHİROV PROBLEMİ – NAZİR GETDİ, MÜAVİNİ GETDİ, BAŞ KİTABXANAÇIDAN HESAB SORAN NİYƏ YOXDUR?

Məlum olduğu kimi, bir ay əvvəl Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edildilər. Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.
Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatdan yaydığı video görüntülərdə Rafiq Bayramov “cari təmir işləri üçün nəzərdə tutulan vəsaitin 10 fazinin nazirliyin ehtiyacları üçün geri verildiyini” deyirdi. Rafiq Bayramov həmçinin nazirliyin regional idarələrinin rəhbərləri vasitəsilə rayonlardakı musiqi məktəblərində müəllimlərin adına artıq tədris saatlarını rəsmiləşdirmək və onların əmək haqlarından tutulan vəsaitlərin ələ keçirilməsində şübhəli bilinir. Məlumata görə, nazir müavini ölkə ərazisindəki musiqi məktəblərinin, mədəniyyət evlərinin, kitabxanaların, rəsm məktəblərinin, qalereyaların, klubların, muzeylərin və sair mədəniyyət müəssisələrinin tikintisi, cari və əsaslı təmiri işlərinə görə ayrılan dövlət vəsaitlərinin bir hissəsini şəxsən və Mədəniyyət Nazirliyinin regional idarələrinin rəhbərləri vasitəsi ilə müntəzəm olaraq nağdlaşdırıb və mənimsəyib.
Adları çəkilən vəzifəli şəxslərin ardınca Əbülfəs Qarayev də nazir vəzifəsindən kənarlaşdırıldı. Naziri qoyaq bir yana, heç cür ola bilməz ki, nazir müavini öz korruptiv siyasətini mərkəzdən yüz kilomerlərlə uzaq əyalətlərdə yürüdə bilsin, amma paytaxtda, yəni, öz burnunun ucundakı mədəniyyət müəssisələrinin rəhbərlərini ram edə bilməsin. Məsələn, götürək elə M.F.Axundov adına Milli Kitabxananı və onun direktoru professor Kərim Tahirovu. Müəssisənin rəhbərinin ünvanına indiyədək kütləvi informasiya vasitələrində çox irad deyilib, çox tənqid yazılıb. Çifayda, həmin tənqidi çıxışlar yetərincə araşdırılmayıb. Məsələn, 2018-ci ilin oktyabrında Hesablama Palatası tərəfindən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinin pozulması faktlarının aşkarlanmasının ardından görülən tədbirlər barədə məlumat yoxdur. Bir o bəllidir ki, HP o vaxt materialları Baş Prokurorluğa göndərmişdi.
Xatırladaq ki, 2018-ci ilin oktyabrında dövlət büdcəsindən kitabxanaya ayrılmış vəsaitlərin icrası üzrə Hesablama Palatasının keçirdiyi auditin nəticələrinə görə, 2017-ci ildə “İnpeks-N” MMC tərəfindən Kitabxanaya bir ildən çox istifadə edilən kompüter proqramlarının hazırlanması və ya onun alınması, məlumat bazasının yığılması ilə bağlı proqram təminatı üzrə 47 442,5 manat dəyərində 5 ədəd proqram təminatının bazada faktiki varlığı müəyyən edilməmiş, eyni zamanda 18 445 manat dəyərində 217 ədəd Antivirus (server) “Sym Endpoint protection”ın bazada faktiki varlığı müəyyən edilməsə də, əvəzində 11 741,9 manat dəyərində 217 ədəd Antivirus (server) Kaspersky Endpoint Protection-nın 8 aprel 2017-ci ildə bazaya yükləndiyi müəyyən edilmiş və nəticədə 6703,1 manat qiymət fərqi müəyyən edilmişdi.
Kitabxana tərəfindən bəzi xərc maddələri üzrə vəsaitin məbləği əvvəlki illərin baza göstəriciləri nəzərə alınmadan və müvafiq hesablamalar aparılmadan artımlarla müəyyən edilmiş və nəticədə 2016-2017-cı illər üzrə müvafiq olaraq 171 933,6 manat (3,5%) və 57 890,8 manat (1,1%) məbləğində vəsait ilin sonunda istifadə edilməyərək büdcəyə qaytarılıb, eyni zamanda büdcədənkənar daxilolmaların icra faizi aşağı olub.
Kitabxana tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbləri pozularaq 2017-ci ildə beynəlxalq tədbirin keçirilməsi məqsədilə 45 000 manat məbləğində korovka sorğusu üzrə bağlanılmış satınalma müqaviləsi barədə məlumat dövlət sanalmalarının rəsmi internet saytında yerləşdirilməməsinə, eləcə də 2017-ci ildə “Sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri” xərc maddəsi üzrə nəzərdə tutulmuş 500 000 manat vəsatin 2017-ci il 9 mart tarixində 480 270 manat açıq tender, 2017-ci il 18 dekabr tarixdə isə 19 000 manat korovka sorğusu keçirilərək xərc edildiyinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədilə müvafiq məlumatlar Baş Prokurorluğa təqdim edilmişdi.
Bildirək ki, kitabxananın 2017-ci ilin əvvəlinə 8326,0 manat, o cümlədən “Azərişıq” ASC ilə elektrik enerjisi haqqının ödəniməsi xərci üzrə 2 080,8 manat, “Azərsu” ASC ilə su haqqının ödənilməsi xərci üzrə 893,2 manat və “digər alış və xidmətlər” xərci üzrə “Kitab evi”nə 5 352 manat kreditor borc olub, 2018-cı ilin əvvəlinə “Azərişıq” ASC ilə elektrik enerjisi haqqının ödənilməsi xərci üzrə 4 529,4 manat kreditor borcu qalıb.
Beləliklə, 54145,6 ( 47442,5 manat və 6703,1) manat pul vəsaitinin ortadan qeyb olması aşkarlansa da, kitabxananın kommunal xidmətlərə və nəşriyyata borclara ödənilməyib. 545000 manatlıq satınalma müqavilələrinin ictimaiyyətdən gizlədilməsi isə tender və kotirovka məsələlərində şəffaflığın təmin olunmamasından xəbər verir. Gəlin razılaşaq ki, bu metod (HESABATLILIQDAN YAYINMAQ) həbs olunan sabiq nazir müavininin əl atdığı üsullardandır. Kim zəmanət verə bilər ki, “qeyb olan” və gözdən yayındırılan pul vəsaitləri Kitabxananın direktoru və nazir müavini tərəfindən mənimsənlməyib? Kim deyə bilər ki, sonrakı 2018-ci və 2019-cu illərdə də eyni qanunsuzluqlar baş verməyib? Bəs niyə Baş Prokurorluqda Tahirovdan məsuliyyət sorulmayıb? İlk ağıla gələn budur ki, sabiq Mədəiyyət naziri və onun sabq müavini baş kitabxanaçıya qahmar çıxıblar və ondan ötrü sabiq baş prokuror Zakir Qaralova xahiş – minnət ediblər.
Bəs indi necə? Nə Zakir Qaralov, nə Əbülfəs Qarayev, nə Ramin Bayramov vəzifədədirlər. İndi kim mane olur Kərim Tahirovdan hesab sorulmasına?
P.S. “Hesablama Palatasının illik hesabatı haqqında” məsələnin müzakirəsi zamanı Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirmişdi ki, Hesablama Palatasının vəzifəsi sadəcə nöqsanları üzə çıxarmaq deyil, bəzi qurumlar Hesablama Palatasının təklif və tövsiyələrinə əməl etmir. Ona görə də həmin qurumların adlarının açıqlanması vacibdir. Eyni zamanda bu təklif və tövsiyələrə əməl edən qurumlar da açıqlanmalıdır. Deputat Hesablama Palatasının rəyində 26 dövlət proqramının büdcənin layihəsi və icrası ilə bağlı sənədlərdə əks olunmamasına diqqət çəkib və qeyd edib ki, həmin 26 dövlət proqramının 3-ü birbaşa mədəniyyət sahəsi ilə bağlıdır: “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət abidələrinin fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair dövlət proqramı artıq bitmək üzrədir. DTX-nın Mədəniyyət Nazirliyində apardığı əməliyyatlar nəticəsində bu sahəyə cavabdeh olan qurumun fəaliyyətində ciddi korrupsiya əməllərini gördük. Ona görə də bütün dövlət proqramlarının dövlət büdcəsinin layihəsi və icrası ilə bağlı sənədlərdə öz əksini tapması çox vacibdir. Şəffaflıq dövlət proqramlarının icrası prosesində də ciddi şəkildə təmin olunmalıdır. Büdcə layihəsində öz əksini tapan proqramlardan biri olan “2009-2019-cu illər ərzində Azərbaycan Respublikası Teatrlarının Dövlət Proqramı” da artıq başa çatsa da, icrasının təhlillərinə dair Hesablama Palatasının rəyində heç bir məlumat görə bilmədik. İnsanlarda bu istiqamətdə sualların yaranmaması üçün görülən işlərin sənədlərdə öz əksini tapması çox vacibdir. Çünki bu sahə ilə də bağlı çox ciddi problemlər və suallar var”.
P.S.S. Düz deyir Qənirə xanım, həmin problemlərdən biri də Milli Kitabxananın Kərim Tahirov problemidir!

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir