Dilçilik İnstitutuna ayrılan 2 milyon manatın taleyi araşdırılacaqmı?




Alimi tüfeyli olan, rüşvətə və alverə qurşanan ölkədə ədalət, haqq, düzgünlük olarmı, qanun işləyərmi?!
Ümumiyyətlə, vicdanı pulla almaq olarmı?!
Ölkədə bütün problemləri Prezident həll etməlidirmi?
Korrupsioner və oğruların yedəyindən düşməyən, arxada deyinən, fürsət düşən kimi oğurlayan, amma üzə gəlməyən 100 minlərlə alim, müəllim, həkim kütləsinin rifah içində yaşamağa haqqı varmı?!
Hər kəs özünə cavabdeh deyilmi?!
Xalqla rəhbəri birləşməyə qoymayan daxili və xarici opportunistlərə inanan xalq əbədi sərgərdan deyilmi?!
Əgər 10 000 (on min) işçi kontingenti olan bir qurumdan cəmi 2-3 nəfər sözünü deyir, qalanları susur, əyri yollarla dolanır və daha yaxşı dolanmaq üçün xilaskar Nərbalanı gözləyirsə, vay o qaragüruh, paranoik, tamahkar, qorxaq və cahil cəmiyyətin halına! Gic-gic şübhələrə düşəcəklər, lokal ağalarına yalmanıb siçovul həyatını seçəcəklər.
Düzəlmək istəyiriksə, hər kəs düz yolu tutmalı, özünə və ətrafındakılara qarşı tələbkar olmalı, öz gücü daxilində nöqsanları görüb dilə gətirməli və bu prosesdə öz hərəkətinə nəzarət etməli, həddini aşmamalıdır.
Ey nadan, sən əyrisənsə, zibillə qidalanırsansa, ölkənin, millətin, dövlətin xeyrinə heç vaxt güdməyəcəksən!
İşlədiyin qurumda dövlətin elm potensialını dağıtmaqda sövdələşməyə getmək əfvolunmaz fəaliyyətdir, dövlətin və gələcək nəsillərin əleyhinə yönəlmiş qatı cinayətdir.
Eybəcərlikləri ifşa etmək özünüislah deməkdir. Gəlin, özünüislahdan başlayaq!
Vallah, billah, Azərbaycan tarixinin indiki mərhələsində zorakılıq yolu hər hansı bir Prezident, ya rəhbər dəyişikliyi ölkəni və xalqı növbəti uçuruma sürükləməkdir.
Maariflənmək, yenə də maariflənmək! Maarifsiz xalq sivil cəmiyyət qura bilməz!
Düzəlməyimizin ideal yolu məsuliyyətimiz, gördüyümüz nöqsanları ifşa etməyimiz, idrakımız, düzgün fəallığımız, Məlikməmməd nağıllarını başımızdan çıxarmağımız, praqmatik olmağımız, şübhə və şayiə xəstəliyindən qurtulmağımızdır...

İdris Abbasov
filologiya elmləri doktoru, professor


Xəbər lenti