Dilçilik İnstitutunda 2 milyon manat mənimsəmə?...


İdris Abbasov: “Hesab edirəm ki, Dilçilik İnstitutunun son 7-10 ildəki fəaliyyəti araşdırılmalıdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ayrı-ayrı elmi-tədqiqat institutlarında baş verən proseslər heç də ürəkaçan deyil. Azərbaycan elminin başında duran AMEA-nın institutlarının fəaliyyəti ilə bağlı yayılan məlumatlarda qeyd edilir ki, bir çox institutda maliyyə yeyintisi, korrupsiya cinayətləri baş verib.
Bu günlərdə AMEA-nın Fizika İnstitutunda bu kimi halların baş verdiyi aşkarlanıb və yanvarın 8-də Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, həmin institutun baş mühasibi İradə Qulubəyova və kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərova vəzifələrindən azad ediliblər.
AMEA-nın rəsmi məlumatında qeyd edilib ki, Fizika İnstitutunda mükafatların verilməsi, ezamiyyə xərclərinin qanunvericiliyin tələblərinə uyğun ödənilməməsi, institutun fəaliyyəti üçün dövlət büdcəsindən ayrılmış pul vəsaitlərinin qanunsuz və əsassız olaraq başqa təşkilatlara ödənil­məsi, büdcədə qalan artıq pul vəsaitlərinin əsassız silinməsi, kadr fəaliyyəti üzrə əmək qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulması, qanunsuz və əsassız əmrlərin verilməsi, kargüzarlıq fəaliyyətinin qanunauyğun aparıl­maması, habelə əmək və icra intizamının kobud şəkildə pozulması aşkar olunub. Nəticədə isə sözügedən institutun bütün rəhbər heyəti vəzifəsindən azad edilib. Onlar barəsində müvafiq maddələrlə cinayət işinin başlanıb-başlanmadığı haqda bir söz deyə bilmərik. Amma fakt budur ki, sözügedən qurumda maliyyə pozuntuları və mənimsəmələri aşkarlanıb.
“Prezidentin Ehtiyat Fondundan 2012-ci ildə AMEA-nın Dilçilik İnstitutuna 2 milyon manat ayrılmışdı, bu pul hara xərclənib?”
Fizika İnstitutunda baş verənlər digər elmi-tədqiqat institutlarında maliyyə yeyintilərinin, korrupsiya hallarının mövcud olduğu barədə iddiaları gündəmə gətirib. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutuna qarşı da analoji fikirlər səsləndirilməyə başlayıb. Belə ki, Dilçilik İnstitutunun nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun sözlərinə görə, bu institutda da maliyyə mənimsəməsi faktları var və burada dövlətin 2 milyon vəsaiti mənimsənilib.
İ.Abbasov özünün “Facebook” hesabında “Dlçilik İnstitutuna ayrılan 2 000 000 (iki milyon) manatın taleyi araşdırılacaqmı?” - deyə yazır.
İ.Abbasovun sözlərinə görə, 2012-ci ildə Prezident İlham Əliyev “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam verib. Sərəncamın icrası üçün isə Prezidentin Ehtiyat Fondundan Dilçilik İnstitutuna 2 milyon manat vəsait ayrıldığını, lakin bu vəsaitin aidiyyəti üzrə xərclənmədiyini, dövlətin vəsaitinin havaya xərcləndiyini deyən İ.Abbasovun sözlərinə görə, dövlət əhəmiyyətli əsərlərin çapına 1 manat da olsun vəsait ayrılmayıb: “Məlum olduğu kimi, Prezident İlham Əliyev 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam verib. Monoqrafik əsərlərin hazırlanması, eyni zamanda, dünyanın mötəbər kitabxanalarında, əlyazma fondlarında saxlanan əlyazmaların hazırlanaraq nəşr edilməsi, bir sözlə, ana dilimizin inkişafı üçün Prezidentin Ehtiyat Fondundan 2012-ci ildə AMEA-nın Dilçilik İnstitutuna 2 milyon manat ayrılmışdı, sual olunur, bu pul hara xərclənib? 2012-ci ildə sərəncam verilib və sərəncamın icrası üçün vəsait ayrılıb, əsas məsələ bu vəsitin uyğun olaraq xərclənib-xərclənməməsinin araşdırılmasıdır. Bu vəsaitin hara xərcləndiyinin hesabatı verilməyib. Məlumatıma görə, bu vəsaitlə instituta maqnitafon, ucuz kompyuter alıblar və onları baha qiymətə sənədləşdiriblər. Dilçilik İnstitutuna ayrılan 2 milyon manat aidiyyəti üzrə xərclənməyib. Bu vəsaitin xərclənməsi ilə bağlı ortada böyük şübhələr var. Şübhələr ona görə yaranıb ki, institutda ortada bir iş yoxdur. Məsələn, Dilçilik İnstitutu hansı qədim abidələrin araşdırlmasına, çapına vəsait ayırıb? İnstututda əsas iki möhtəşəm iş görülüb, onların da heç birinə vəsait ayrılmayıb. Onlardan biri Mirzə Kazım bəyin 180 il əvvəl yazdığı “Türk tatar dilinin qrammatikası” və 400 il bundan qabaq yazılan, Vatikan kitabxanasında saxlanan “Azərbaycan dilinin orijinal qrammatikası”dır. “Azərbaycan dilinin orijinal qrammatikası” ilə bağlı işi 2020-ci ildə iki nəfərlə görmüşük. Amma buna Akademiyada biganə yanaşılıb, sanki heç nə olmayıb. Yəni əsaslı, fundamental elmi əsərlərin çapına heç bir vəsait ayrılmayıb. Belə hesab edirəm ki, dövlət büdcəsindən ayrılan pullar boşuna sərf olunub, boşuna da sərf olunmaqdadır. Bundan başqa, dövlət fondlarından alınan qrantların hesabına hansı işlər görülüb? Bu da ortada yoxdur. Ortaya qoyduqları işlər də plagiat çıxır”.
İ.Abbasov hesab edir ki, Dilçilik İnstitutunda fəaliyyət göstərən elmi şuranın da fəaliyyətində kifayət qədər nöqsan var. “Bunun adını “elmi şura” qoyublar. Bəs bu “elmi şura”nın funksiyası nədən ibarətdir? Mən belə görürəm ki, “elmi şura” ayrılan vəsaitlərin yeyilməsində bir təsdiqləyici və dəstəkləyici rol oynayıb. Belə çıxır ki, bu şura plagiat əsərlərin çapına səs verib. Sizə bir fakt deyim. Pietro della Vallenin əsəri yalnız bizim şöbənin daxilində hazırlandı və üzə çıxarıdı. Mən bu işi institutun elmi şurasına qoymadım. Ona görə ki, bu şura etibarsızdır, artıq o öz etibarını itirib. İnstitutun “elmi şura”sı özünü buraxmalıdır. Əgər bir azca etik hərəkət etmək istəyirsə, şura özünü buraxmalıdır. Bu qədər dövlət vəsaitinin səmərəsiz xərclənməsində “elmi şura”nın da böyük “rolu” var. Bir “elmi şura” saxta əsərə “hə” deyib, dövlət büdcəsindən pul mənimsənilməsi ilə razılaşırsa, o elmi şura çoxdan ləğv olunmalıdır. Amma təəssüf ki, bu gün də var və öz işini davam etdirir. Burada həm də bu institutda işləməyən müxtəlif şəxslər də saxlayırlar ki, məsələn, onlardan istifadə edilsin, düz söz danışan əməkdaşın üstünə qaldırılsın, onu susdursunlar. Bu adamların bəzi media orqanları ilə ciddi əlaqələri var, onların vasitəsilə də öz çirkin niyyətlərini həyata keçirirlər. Əslinə qalanda, böyük islahatlar lazımdır. Oradakı akademiklər, professorlar, vəzifəli elm adamları bu məsələnin qarşısını almaq üçün heç nə etmirlər. Bu kosmetik dəyişikliklərlə, yaxud “nəlbəkidə fırtına qoparmaqla” bu dəhşətli problemləri həll etmək mümkün deyil. Vəziyyət təsəvvür etdiyinizdən də çox ağırdır”.
İ.Abbasov hesab edir ki, Fizika İnstitutunda aparılan araşdırma digər elmi-tədqiqat institutlarında da tətbiq edilməlidir: “Bütün institutlarda bu cür araşdırmalar, yoxlamalar aparılmalıdır. İlk növbədə, bu, Dilçilik İnstitutunu mütləq əhatə etməlidir. İndi 2 milyon deyirik. Bu 2 milyon rəsmi sənəddə göstərilən və təyinatı müəyyənləşdirilən bir rəqəmdir. Biz bunu deyə bilirik və gözümüzlə görürük ki, bu vəsait aidiyyəti üzrə xərclənməyib. Dövlət əhəmiyyətli əsərlərin çapına vəsait yoxdur. Təsəvvür edin ki, bizim dövlətimizə - Səfəvilər dövrünə aid olan ana dilimizin orijinal qrammatikası ilk dəfə olaraq nəşr olunacaq. Bu bizim dilçiliyimizdə böyük bir hadisədir. Onun nəşrinə vəsait tapmayan Dilçilik İnstitutu artıq öz funksiyasını itirmiş hesab olunur. Qrantları hələ demirəm. O qrantlar alınırsa, haradan alınır? Dövlət mülkiyyətinə, dövlət vəsaitinə çox düşmən münasibət bəslənir, alim münasibəti bəslənilmir. Mən orada alim yanaşması görmürəm, alim belə ola bilməz. Real alim o vəsaitin hər qəpiyinin qədir-qiymətini bilər. Burada isə tamamilə başqa bir mənzərə, başqa bir gerçəklikdir. Ona görə də hesab edirəm ki, Dilçilik İnstitutunun son 7-10 ildəki fəaliyyəti araşdırılmalıdır. Belə olmasa, bizi daha ağır problemlər gözləyir, tam uçuruma doğru gedirik.
Mənə belə məlumat çatıb, çıxışlarımdan oradakı dairələr çox narahatdır və mənimlə bağlı çox acıqlıdırlar, qəzəblidirlər ki, nə üçün bu sirləri açıram, ictimaiyyətə çatdırıram. Təbii ki, bu, əvvəlki illərdə də belə idi, elə də davam edir. Çox təəssüf edirəm. 2 min manat titul maaşı alırlar, amma bunlar belə işlərlə məşğul olurlar. Onlar belə işləməməli idilər, dövlət büdcəsini, dövlət maraqlarını göz bəbəyi kimi qorumalı idilər. Amma çox təəssüf ki, biz bunun tam əksinin baş verdiyini görürük”.

İradə SARIYEVA





Xəbər lenti