Yaşıl genosidin yeni üsulları

 

        Əslində bəhs edəcəyimiz mövzuda gülüş doğuracaq bircə məqam belə yoxdur. Əksinə, gördüklərimiz və sizlərə də göstərəcəklərimiz başdan-ayağa bir faciədir. Amma uyğunluğu nəzərə alıb bəhsimə bir lətifə ilə başlamaq istəyirəm. Günlərin bir günü deputatlığa iki namizəd çay kənarında oturub balıq tuturlar. Bir qrup insan, yəni potensial seçicilər də bunları kənardan izləyir. Birdən namizədlərdən birinin tilovuna balıq düşür. Bu da balığı sudan çıxarıb başına bir taxata parçası ilə bir-iki zərbə vurur və qoyur kənara. Bunu görən insanlar başlayırlar səs-küylə, fit çalmaqla öz etirazlarını bildirməyə. Bu zaman ikinci namizədin də tilovuna balıq düşür. Bu da balığı sudan çıxarır, amma vurmaq əvəzinə ehmalca tumarlayır, hətta başından da öpür və ehmalca qoyur yanındakı səbətə. Təbii ki, seçicilər də bu hərəkətə heyran olurlar və çəpik çalmaqla, alqışlarla öz məmnunluqlarını bildirirlər. Onda ikinci namizəd birinciyə deyir: “Bax, siyasət budur dostum. Onsuz da balıqların hər ikisi axşam yeyiləcək. Əsas məsələ seçicilərin məmnun qalmalarıdır...”

 

        İndi bizim Bakıda da bəzi işbazlar təbiətə divan tutub özləri də cəzasız qalmaq üçün elə “siyasi” gedişlər fikirləşib icad edirlər ki, adam lap məəttəl qalır. Bir bu şəkillərə nəzər yetirin. Nə görürsünüz? Əgər desəniz ki, şəkildə sadəcə dəmir hasara alınmış böyük bir ağaclıq sahəsi görürsüz, onda deməli siz təsvirin mahiyyətini görə bilmirsiz. Çünki əslində bu şəkillərdə susuzluqdan zülm çəkən, quruyub məhv olmaq üzrə olan ağaclar əks olunub. Bu ərazi isə  Bakının Nizami rayonunda, Şərifli və Nəsimi küçələrinin kəsişməsində yerləşir. Yerli sakinlər deyirlər ki, bu yaşıllıq zonası ötən əsrin 70-ci illərində, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi ilk vaxtlarda salınıb və o vaxtdan bu günə qədər həmin ağaclara daim qulluq göstərilib. Deyilənə görə bu ərazi artıq neçə müddətdir ki, bir qrup işbazın nəzəri-diqqətini özünə cəlb edib. Amma göz görə-görə ağacları kəsib yaşıllığı məhv etməyə də cürət edə bilmirdilər. İndi deyəsən hansınınsa ağlına bu ideya gəlib ki, ağacları hasara almaqla onları sudan, qulluqdan məhrum etsinlər və bu minvalla da yaşıllıq özü-özünə məhv olsun. Ondan sonra qurumuş ağacları kəsib ərazini almaq ən asan məsələdir.

        Yaxşı bəs görəsən Ekologiya və Təbii Sərvətlər Nazirliyində, eləcə də Bakı Şəhər İcra Hakimiyyətində və Nizami Rayon İcra Hakimiyyətində bu barədə nə düşünürlər? Bəlkə gözləyirlər ki, ağaclar tamamilə quruyub məhv olsun, sonra da onlar öz vəzifələrini vicdanla yerinə yetirən məmur kimi, təqsirkarları aşkar edib onları bir yaxşı cərimələsinlər? Əgər sonluğu belə olacaqsa, onda ən azından bir az mərhəmətli olun. Ağacları susuz qoyub qurutmaqdansa, elə bəri başdan birdəfəlik verin balta-mişarın ağzına. Amma unutmayın ki, sizin bu cinayətiniz həm də Ulu Öndərimizin ruhuna xəyanətiniz olacaq.

 

      

 

 

 

Xəbər lenti