Saxta baytarlıq preparatlarının idxalçıları ölkənin ərzaq təhlükəsizliyi proqramını sabotaj edirlər


 

 

AQTA və Dövlət Baytarlıq Nəzarəti Xidmətində bu məsələ ilə bağlı vəzifələrin icrasında ciddi məsuliyyətsizliyə yol verilir

 

 

        Son iki ildə koronavirus pandemiyasının yayılması bütün dünyada kənd təsərrüfatının inkişafı və əhalinin daha çox yerli ərzaq məhsulları ilə təmin olunması məsələsini tam ciddiliyi ilə gündəmə gətirdi. Yaranmış şərait bir daha göstərdi ki, Azərbaycan kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmini məsələsinə xüsusi diqqət yetirməklə düzgün siyasət həyata keçirib. Xüsusilə son illərdə ölkəmizdə əhalinin yerli ərzaq məhsulları ilə təminatına nail olmaq üçün kənd təsərrüfatının subsidiyalaşdırılması bu baxımdan xüsusi qeyd olunmalıdır. Görülən tədbirlərin nəticəsi olaraq 7-8 ildə Qlobal Ərzaq Təhlükəsizliyi İndeksindəki mövqeyini davamlı şəkildə yüksəltməkdədir. Sözsüz ki, ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi xüsusi diqqət eyni zamanda da sahibkarlıq və şəxsi təsərrüfatların artırılması zəminində əhalinin işlə təminatı, işsizliyin səviyyəsinin daha da aşağı salınması məqsədinə xidmət edir. Bir sözlə, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı dövlət səviyyəsində prioritet istiqamətlərdən biri kimi müəyyən edilib və bu sahədə davamlı inkişafa nail olmaq üçün bütün zəruri tədbirlər həyata keçirilir.

        Lakin bir məsələ də var ki, dövlətin kənd təsərrüfatı sahəsində siyasətini həyata keçirməli olan bəzi qurum və təşkilatlar heç də həmişə öz funksiyalarını tam məsuliyyətlə icra etmirlər. Bəzi hallarda isə bu sahədə çalışan fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları və ya fərdi təsərrüfat sahibləri ümumiyyətlə məsuliyyətsizliklə qarşılaşırlar. Bu isə təbii ki, ciddi problemlərin yatranmasına səbəb olur.

        Son vaxtlar ölkədə getdikcə daha çox diqqəti cəlb etməkdə olan belə problemlərdən biri də Azərbaycana idxal olunan baytarlıq preparatlarının keyfiyyətilə bağlıdır. Xüsusilə bu gün paytaxt ərazisində fəaliyyət göstərən çox sayda baytarlıq apteklərində satılan müxtəlif dərman preparatları ya çox zəif təsir gücünə malik olurlar, ya da ümumiyyətlə təyinatı üzrə xəstəliklərə qarşı heç bir effekt vermirlər. Məsələn məlumdur ki, toyuqlarda (daha çox şəxsi təsərrüfatlarda) koksidioz xəstəliyinin qarşısının alınması və uğurlu müalicəsi üçün “koktsiprodin” adlı preparatdan istifadə olunur. Bu preparatın tərkibində olan maddələr patogen mikroorqanizmlərə təsir göstərir və onları quşa zərər vermək qabiliyyətindən məhrum edir. Həmçinin “baykoks”, “amprolium hidroxlorid” kimi preparatlar da son vaxtlara qədər koksidiozun müalicəsində uğurla istifadə olunurdu. Lakin dediyimiz kimi, son vaxtlar bu preparatlar öz təsir güclərini itirməyə başlayıblar. Amma burada məsələ heç də toyuq xəstəliklərinin həmin preparatlara qarşı daha dözümlü mutasiyalarının yaranmasında deyil. Problem bundadır ki, son vaxtlar ölkəyə idxal olunan bu baytarlıq preparatlarının tərkibi heç də qablaşdırma etiketlərində göstərilən tərkibə uyğun olmur. Məsələn, preparatın tərkibində olan əsas təsiredici maddənin nisbi çəkisi normadan xeyli aşağı olur. Bəzi məlumatlı mənbələr iddia edirlər ki, bu hallar baytarlıq preparatlarının ölkəyə idxalı ilə məşğul olan müəyyən işbazların şəxsi təşəbbüsləri sayəsində baş verir. Belə ki, həmin şəxslər istehsalçı şirkətə daha zəif dozada preparatlar sifariş verməklə məhsulun faktiki maya dəyərini aşağı salmış olurlar. Azərbaycanda isə bu qiymət fərqi əlbəttə ki, gizlədilir. Beləliklə də preparatı idxal edən işbaz əlavə qazanc əldə edir, həmin preparatı alıb təsərrüfatında tətbiq edən sahibkarın isə toyuq-cücələri qırılıb məhv olur. İndi də bu itkiləri bir və ya bir neçə təsərrüfat daxilində deyil, respublika miqyasında qiymətləndirməyə çalışsaq, bu zaman görərik ki, baytarlıq preparatlarının idxalı ilə məşğul olan işbazların əlavə qazanc hərisliyi ölkənin kənd təsərrüfatına milyonlarla manat zərər vurur.

        Belə olan vəziyyətdə ortaya bir sual da çıxır. Bəs görəsən bu gün ölkəyə idxal olunan baytarlıq preparatlarının keyfiyyətinə nəzarəti kim həyata keçirməlidir? Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Əsasnaməsinin (Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir) 1-ci müddəasında deyilir:

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida məhsullarının təhlükəsizliyinə, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləməni, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatını, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsini, qida məhsullarının ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları) daxil olmaqla qida zəncirinin bütün mərhələlərində qida məhsullarının təhlükəsizliyinə, həmçinin qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

        Bu o deməkdir ki, ölkəyə gətirilən keyfiyyətsiz baytarlıq preparatlarının satışa buraxılması və bu səbəbdən təsərrüfat sahiblərinin maddi və mənəvi ziyan çəkmələrinə görə birbaşa AQTA məsuliyyət daşımalıdır.

        İkinci bir tərəfdən isə  Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 16 aprel 2007-ci il tarixli Qərarına əsasən ölkə ərazisində yalnız Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində dövlət qeydiyyatına alınmış, sertifikatlaşdırılmış, qeydiyyat şəhadətnaməsinə malik və keyfiyyət sertifikatı (şəhadətnaməsi) ilə təmin edilmiş baytarlıq preparatlarının istehsalına, idxalına, satışına və tətbiqinə icazə verilir. Bunu da qeyd edək ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin birbaşa əsas funksiyalarından biri də  ölkə ərazisində bütün növ heyvanların (mal-qarının, quşların, xəzdərili heyvanların, balıqların, arıların, vəhşi heyvanların) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini təmin etməkdən ibarətdir.

        Beləliklə məlum olur ki, dövlət tərəfindən həqiqətən də kənd təsərrüfatı istehsalçılarının həm mənafeylərinin, həm də hüquqlarının qorunması üçün bütün zəruri tədbirlər görülüb və lazımı institutlar yaradılıb. Amma bütün bu tədbirlərə baxmayaraq saxta və keyfiyyətsiz baytarlıq preparatları ölkəyə girə və hətta istehlakçılara qədər gedib çıxa bilirlər. Belə çıxır ki, yuxarıda adlarını çəkdiyimiz bu qurumların öz vəzifələrinin icrası ilə bağlı müəyyən problemləri var. Bəs görəsən bu problemlərə ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı məsələsi də daxil olmaqla, dövlətimizin kənd təsərrüfatı sahəsində həyata keçirdiyi siyasətin prizmasından baxsaq daha hansı nöqsanları aşkar edə bilərik?

 

Xəbər lenti